Əsarət altında olan ölkələrin müstəqillik dövrlərində iqtisadi inkişaf səviyyələri onları vaxtilə əsarət altında saxlamış ölkələrin davranış və xislətlərindən çox asılıdır.
Məsələn, vaxtilə Yapon imperiyasının tərkibində olmuş Cənubi Koreya başda olmaqla bir sıra Şərqi Asiya dövlətləri texnoloji inkişaf və ixrac meylli iqtisadiyyatlar qurmağa nail olmuşlar. Böyük Britaniya imperiasının tərkibində olmuş bir sıra ölkələrdə güclü təhsil, infişaf etmiş maliyyə-bank sistemi və qabaqcıl informasiya texnologiyalarının şahidi oluruq. (Banqladeş kimi istisnalar əlbəttə mövcuddur ki, onların da geri qalmasının bir sıra səbəbləri vardır). Bunları çoxumuz bilirik. Amma, bu məsələdə Rusiya və Avropa dövlətləri (Fransa, İspaniya, Portuqaliya, Hollandiya və sair) şəxsən mənim üçün sürpriz olan bir çox nüansları ilə seçilir.
Avropa dövlətləri... Bu gün dəyərləri, iqtisadi inkişaf səviyyəsi, insan hüquqlarının müdafiəsi kimi məsələlərlə öyünən Fransa, İspaniya, Portuqaliya, Hollandiya, Belçika kimi ölkələr uzun illər istismar etdikləri Afrika, Mərkəzi və Cənubi Amerika ölkələrini sözün həqiqi mənasında məhv etmişlər. İspaniyanın xüsusilə Kolumbun kəşfindən sonra indiki Latın Amerikası ölkələrində etdikləri talanlar və heç bir iqtisadi sistem, hətta güclü dövlətçilik ənənələri qurmamaları, institutlaşma aparmamaları başqa bir acı mövzudur. Ən dəhşətli zülmü edənlərdən biri Fransa olmuşdur. Bu dövlətin əsarətindən xilas olan heç bir dövlət iqtisadi nailiyyət, rifah qazana bilməmiş, uzun illər vətəndaş müharibəsi, səfalət və aclıq çəkmişlər. Fransa əsarətində saxladığı Afrika ölkələrində on minlərlə, yüz minlərlə əhalini birbaşa qırmaqla da fərqlənən bir imperiya olmuşdur. (Çox qəribədir ki, bu ölkə başqa ölkələri tarixlərinə görə də ittiham edir, hansısa dəyərlər məsələsinə görə də). Bu ölkə başqa ölkələrin iqtisadiyyatları və inkişaflarına heç bir töhfə vermədən həmin ölkələri sözün həqiqi mənasında çökdürmüşlər. İspaniya və Portuqaliya isə indiki Latın Amerikası ölkələrinin yerli xalqlarını fiziki olaraq məhv etmiş, onların qızıllarını qısa müddət ərzində Avropaya daşımışlar. Hətta bu talan o qədər acgözlüklə olmuşdur ki, bildiyimiz tarix ərzində cəmi 1 dəfə qızılın inflyasiyası məhz İspanların Avropaya Amerika qitəsindən daşıdıqları tonlarla qızıl artıqlığı səbəbindən baş vermişdir. Osmanlı imperiyasının zəifləməsində əsas səbəblərdən biri də ucuzlaşan qızıl olmuşdur ki, (yeniçəri ordusunun saxlanması daxil olmaqla) öz ordusunun təchizatını qızılla həll edən Osmanlı dövləti qızılın dəyərdən düşməsi nəticəsində ciddi çətinliklər yaşamışdır. Almaniya bu məsələdə tamamilə fərqli bir ölkədir. Avropa qitəsindən kənarda hansısa ölkə uzun müddət Almaniyanın əsarətində olmayıb. Avropada vaxtilə Prussiyanın (və ya Bismarkın birləşdirdiyi Almaniyanın) tərkibində olan ölkələr bu gün daha güclü iqtisadiyyat, daha yaxşı ekoloji vəziyyət, səliqəsi ilə seçilən dövlətlərə çevrilmişlər. Avstriyanın özü uzun müddət imperiya olsa da, qısa müddət ərzində almanların bu ölkə üzərindəki (mədəni, mental və digər) təsirləri bu gün də hər addımda hiss olunur. Eyni fikirləri İsveçrə haqqında da demək olar.
Rusiya... Ucsuz-bucaqsız əraziləri, yer kürəsində mövcud olan bütün təbii resurslara malik olması (Mendeleyevin kimyəvi elementlər cədbəlindəki istisnasız bütün elementlərə malik olan yeganə ölkə kimi tanınır), uzun illər imperiya olub digər ölkələri də istismar etməsi bu ölkəni yenə də iqtisadi cəhətdən inkişaf etmiş ölkələr sırasına çıxara bilmədi. Güclü ordu və dövlətçilik ənənələrinin də olduğu Rusiya əslində nəzəri cəhətdən bu gün öz iqtisadi qüdrəti ilə ABŞ, Yaponiya, Almaniya, Çin kimi dövlətlərlə yarışmalı idi.
Rusiya həm də unikal bir imperiya olub. Bu unikallıq nədən ibarətdir?
Ölkəmizdə ən çox eşidilən fikirlərdən biri budur ki, Rusiya keçmiş sovet dövlətlərinə (Pribaltika dövlətləri istisnadır) iqtisadi cəhətdən inkişaf etməyə imkan vermir. Bu fikirlə qismən razılaşmaq olar. Çünki, Rusiya həm keçmiş SSRİ-nin tərkibində olmuş dövlətlərin iqtisadi inkişafına imkan vermir, həm də özü iqtisadi cəhətdən normal inkişaf yolu seçə bilmir. Unikallıq da budur ki, Rusiya iqtisadi potensialının yüksəkliyinə, vaxtilə başqa dövlətləri də istismar etməsinə baxmayaraq keçmişdə imperiya mərkəzi olmuş dövlətlərlə müqayisədə inkişaf etmiş iqtisadi qüdrətə malik dövlət deyil. Rusiyanı digər keçmiş imperiyalardan fərqləndirən əsas cəhət də budur. Bu isə daha təhlükəli amildir. Bundan həm digər dövlətlər, həm də rusların özləri əziyyət çəkir.
P.S. Bu yazının əsas məqsədi Rusiyanı tənqid etmək deyil. Əksinə Rusiyadan dəfələrlə qəddar imperiyalar olmuşdur. Burada ortaya çıxan əsas nüanslardan biri də ortaya çıxır ki, Rusiyanın digər ölkələrin iqtisadi inkişaflarını ləngitməsi, onların daxili işlərinə birbaşa qarışmaq cəhdlərinin öz iqtisadi inkişafına mane olması ilə nəticələnir. Yəni, Rusiya özünü inkişaf etdirib digər dövlətləri yanlış yola sürükləmir. Özü iqtisadi inkişaf yolunda yanlış yol ilə gedərək digər dövlətləri də arxasında həmin yol ilə aparmağa çalışır. İkinci əsas məsələ isə, Rusiyada siyasətin iqtisadiyyatı üstələməsidir. Yəni, siyasətin iqtisadiyyata deyil, iqtisadiyyatın siyasətə xidmət etməsidir. Üçüncü əsas amil isə 18-ci əsrdə yoluxduğu genişlənmə xəstəliyindən xilas ola bilməməsidir. Yəni, yeni tutulan ərazilərin sərhədlərini qorumaq üçün həmin ərazilərin qonşuluğunda olan ərazilərin tutulması. Bu xəstəlik bu gün də Rusiya dövlətinin
iqtisadi qüdrətə malik ölkələr siyahısına düşməyə imkan verməyən əsas faktorlardan biridir.
Visiontv.az