Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma
21.04.2024

XX əsrin əvvəllərinə qədər Bakı, Təbriz, Xoy, Naxçıvan və başqa şəhərlər ilə yanaşı, İrəvan da Azərbaycanın aparıcı elm və mədəniyyət mərkəzlərindən biri olub. Azərbaycanın elm və mədəniyyət tarixinə “İrəvani” təxəllüsü ilə daxil olmuş və öz önəmli töhfələrini vermiş xeyli alim, ədəbiyyat və incəsənət xadimi var.

Mirzə Qədim İrəvani (1825-1875), Mirzə Məhəmməd İrəvani (1718-1799), Fazil İrəvani (1782-1885), Mirzə Müslüm İrəvani (1755-1823), Dəlil İrəvani (1763-1817), Əbdülqasım İrəvani (1774-1823) və digər görkəmli şəxsiyyətlərin yaradıcılığı bunu bir daha təsdiq edir. İrəvan ədəbi-mədəni, ictimai-siyasi mühitinin görkəmli nümayəndələrinin Şərq elmində, ədəbiyyatında, mədəniyyətində oynadığı müstəsna rolun təsiri bu gün də ədəbi-mədəni prosesdə hiss edilməkdədir. Bütün bunlara baxmayaraq, həmin ərazilərin əsl sakinləri və sahibləri azərbaycanlılar olsalar da, onlar tarixin müxtəlif dövrlərində zor gücünə öz əzəli torpaqlarında yaşamaq hüququndan məhrum ediliblər. Bu baxımdan XIX və XX əsrlərdə xalqımızın xəbis qonşumuz ermənilər tərəfindən üz-üzə qoyulduğu problemlər zaman-zaman Azərbaycan xalqının və mədəniyyətinin misli görünməmiş, amansız, aramsız repressiyaları ilə müşayiət olunub. Bununla belə, ermənilərin gah gizli, gah açıq, gah rəsmi, gah da qeyri-rəsmi şəkildə Qərbi Azərbaycanda Azərbaycan maarifini, mədəniyyətini, incəsənətini sıxışdırmaqla bağlı siyasətləri bu coğrafiyada ölkəmizin ədəbi-mədəni mühitinin böyük potensialını bütöv şəkildə gerçəkləşdirməyə imkan verməyib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər filologiya üzrə fəlsəfə elmləri doktoru, Qərbi Azərbaycan İcmasının üzvü Cəlal Allahverdiyevin “Qərbi Azərbaycanda milli maarifçilik tariximiz” adlı məqaləsində yer alıb.

Müəllif bildirir ki, Qərbi Azərbaycanın təhsil tarixi ilə bağlı araşdırma aparmış erməni müəlliflər öz əsərlərində bilərəkdən, məqsədli şəkildə buradakı Azərbaycan məktəblərindən və təhsilindən bir kəlmə də danışmayıblar. Onlar Qərbi Azərbaycandakı Azərbaycan məktəblərinin, təhsilinin, maarifçilik mühitinin zənginliyini və bu sahədəki nailiyyətləri, irəliləyişləri gizlətməklə inkar etməyə çalışmışlar. Hər zaman “yersiz gəldi, yerli qaçdı” prinsipindən çıxış edən ermənilər azərbaycanlıların indi “Ermənistan” adlanan tarixi yurdunda xalqımızın yaratdığı milli-mədəni irsi hər vasitə ilə inkar etməyə can atsalar da, buna nail ola bilməyiblər. Məlumdur ki, Cənubi Qafqaz, o cümlədən Azərbaycan xanlıqları Rusiya tərəfindən işğal olunduqdan sonra bütün sahələr onlar tərəfindən idarə edilməyə başladı. Regionda baş verən siyasi proseslər müxtəlif sahələrdə olduğu kimi, təhsil və məktəb sahəsində də yeni meyillərin yaranmasına gətirib çıxardı. Artıq təlim müəssisəsi kimi fəaliyyət göstərən mollaxana və mədrəsələr getdikcə tənəzzülə uğrayır, öz yerini dünyəvi məktəblərə verməyə məcbur olurdu. 1829-cu il avqustun 2-də Rusiya Maarif Nazirliyi “Zaqafqaziya məktəblərinin vəziyyəti” haqqında qərar qəbul etdi. Həmin qərarda qəza məktəblərinin yaradılması və onların ümumi təhsil sistemi ilə idarə edilməsi öz əksini tapmışdı. Bu qərarın icrası ilə əlaqədar 1830-cu ilin martında Tiflis, həmin ilin dekabrında isə Şuşa qəza məktəbi açılmışdı. Həmin ildə bir sıra şəhərlərlə yanaşı İrəvanda da 100 şagirdlik qəza məktəbinin açılması nəzərdə tutulmuşdu. Amma 1830-cu il üçün İrəvanda nəzərdə tutulan qəza məktəbinin açılması müəyyən səbəblərdən mümkün olmadı.

İrəvanda ilk qəza məktəbinin 1831-ci ilin mart-oktyabr aylarında açılmasına ciddi səy göstərilməsinə baxmayaraq, həmin ildə də bu təşəbbüs gerçəkləşmədi. Müəyyən səylərdən sonra 1832-ci il yanvarın 14-də İrəvanda ilk qəza məktəbi açılmışdı. İrəvanda ilk qəza məktəbinin açılması bütövlükdə bölgədə qabaqcıl maarifçilik ideyalarının yayılmasında əhəmiyyətli dərəcədə rol oynamışdı. Bu məktəbdə müxtəlif millətlərin övladları ilə yanaşı, azərbaycanlı uşaqlar da təhsil almağa başladılar. İrəvan qəza məktəbi 1869-cu ildə progimnaziyaya, 1881-ci il martın 31-dən isə beşsinifli gimnaziyaya çevrildi.

XIX əsrin 70-ci illərindən başlayaraq çar hakimiyyəti tərəfindən Cənubi Qafqazda dünyəvi məktəblərin təşkili prosesi daha da sürətləndi. Elmin əsaslarını yeni üsulla tədris edən dünyəvi Azərbaycan məktəbləri İrəvanda (1880), Uluxanlıda (1881), Böyük Vedidə (1883), İmanşalıda (1883), Sürməli qəzasının Aralıx Baş kəndində (1884), Basarkeçərin Zod kəndində (1885), Çobankərədə (1890) və başqa bölgələrdə də açılaraq fəaliyyət göstərməyə başladı. Bu məktəblər həm dövlət tərəfindən ayrılan vəsaitlər, eyni zamanda, qismən də camaatdan toplanan könüllü ianələr hesabına açılırdı. Yerli camaat belə məktəblərin açılmasını böyük ruh yüksəkliyi ilə qarşılayırdı. Dünyəvi məktəblərin getdikcə çoxalması həmin təhsil müəssisələrində müəllim kadrlarına olan tələbatı daha da artırırdı. Çar hakimiyyəti qəza məktəblərində müəllim kadrları ilə bağlı yaranmış ehtiyacı təmin etmək üçün Cənubi Qafqazda pedaqoji kadrlar hazırlayan müəllimlər seminariyaları təşkil etməyə başladı. Rusiya Dövlət Şurasının 1880-ci il 20 oktyabr tarixli qərarına əsasən yaradılan bu tip təhsil müəssisələrindən biri də təhsil tariximizdə əhəmiyyətli dərəcədə mühüm rol oynamış, zəngin və şərəfli tarixi yol keçmiş İrəvan Müəllimlər Seminariyasıdır. Acı təəssüf hissi ilə qeyd edək ki, təhsil tariximizdə özünəməxsus yeri və rola malik bu təhsil ocaqları da 1918-ci il hadisələri zamanı öz fəaliyyətini dayandırmalı oldu.

visiontv.az