PKK-nın xain fürsətçiliyi: Lakin PKK-nın fürsətçiliyinin bədəli həmişə ağır olub
PKK-nın xain fürsətçiliyi: Lakin PKK-nın fürsətçiliyinin bədəli həmişə ağır olub
28.03.2024 Bəybala Mirzəyev Tərəfindən

Türkiyədə yaxın günlərdə (martın 31-də) bələdiyyə seçkiləri keçiriləcək. İqtidarın və müxalifətin diqqətinin bütünlüklə məlum seçkilərə yönəldiyi bir ərəfədə Avropada PKK terror təşkilatının və erməni radikallarının fəallaşması diqqətçəkən məqamdır.

Belə ki, martın 24-də Belçikadakı PKK tərəfdarları Heusden-Zolder və Hauthalen şəhərlərində yaşayan Türkiyə vətəndaşlarını hədəf alan hücumlar həyata keçiriblər. Hücum zamanı türklərin bəziləri xəsarət alıb.

Ötən gün isə radikallar Türkiyənin Almaniyanın Hannover şəhərindəki Baş Konsulluğuna hücum ediblər. Onlar diplomatik nümayəndəliyin binasına daş atıblar.

Almaniyanın Türkiyədəki səfiri Yurgen Şults PKK tərəfdarlarının Hannoverdə törətdiyi təxribatla əlaqədar martın 27-də Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Türkiyə hökuməti təxribatda iştirak edənlərin hamısının məsuliyyətə cəlb olunmasını tələb edib.

Türkiyə israrlı və qətiyyətli ölkədir. Odur ki, Belçika və Almaniyada türklərə qarşı azğınlıq edən kürd-erməni qarışımlı PKK-çıların məsuliyyətə cəlb olunacaqları və layiqli cəzalarını alacaqları heç bir şübhə doğurmur.

Önəmli məqam budur ki, PKK-nın Avropadakı qanadının Türkiyə vətəndaşlarına və diplomatik nümayəndəliyinə qarşı sözügedən təxribatları zamanlaması Türkiyədə qızğın siyasi rəqabətin yaşandığı bir dövrə təsadüf edir. Onlar indi Türkiyədə hamının başının seçkilərə qarışmasından yararlanmağa çalışıblar. PKK hər zaman bu cür fürsətçi, xain davranış sərgiləyib.

Lakin PKK-nın fürsətçiliyinin bədəli həmişə ağır olub.

Türkiyə bu xain bölücülərin (separatçıların, terrorçuların) yaxasından əl çəkməyəcək!

Bəybala Mirzəyev 

visiontv.az