Paşinyanın COP29 qərarı və qərarsızlığı: İrəvanın Bakıdan gözləntiləri
06.11.2024

Rəsmi İrəvan COP29 konfransına qatılmaq barədə qərarını hələ də verməyib. Ola bilər ki, qərar artıq verilib, sadəcə elan olunmur.

Bir il əvvəl rəsmi İrəvan Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyini dəstəklədi. Bu, deməyə əsas verir ki, Ermənistan SOP29 konfransında iştirak etmək niyyətindədir. Bakıya İrəvandan hansısa ikinci, üçüncü və ya dördüncü dərəcəli bir məmur gələsi olsaydı, qərar yəqin ki, elan olunardı. Ən azı elan edilərdi ki, baş nazir Nikol Paşinyan Bakıya getməyəcək. Qərarın ləngiməsinin səbəbi məhz hökumət başçısının, Nikol Paşinyanın COP29-a gəlmək istəyində olmasıdır.

Bəs o zaman niyə qərar verilmir və ya verilən qərar elan olunmur?

BİRİNCİSİ: Rəsmi İrəvanın Bakıdan gözləntiləri var.

İKİNCİSİ: Rəsmi İrəvan elan olunacaq qərardan sonra Şimaldan, Qərbdən və daxildən ola biləcək təzyiqlərdən ehtiyatlandığı üçün qərarını zərbə altında qoymaq istəmir.

1)İrəvanın Bakıdan hansı gözləntiləri ola bilər?

•44 günlük müharibə bitdikdən sonra Hadrutda ələ keçirilmiş diversiya qrupunun qalan üzvlərinin Ermənistana qaytarılması.

•Ermənistan-Türkiyə sərhədinin açılmasına Bakının razılıq verməsi.

•Böyük sülh sazişi olmasa belə, prosesin davamlılığını göstərən və müəyyən öhdəliklərin təsbit olunduğu hər hansısa sənədin imzalanması.

2)İrəvanın COP29-da iştirakı kimləri qısqandıra bilər?

•Əvvəla Rusiyanı. Çünki Kreml anlayır ki, Ermənistanın ən yüksək səviyyədə COP29 konfransına qatılması ABŞ və Britaniyanın himayəsi ilə Bakı və İrəvan arasında birbaşa danışıqlar üçün yeni üfüqlər açacaq. Bu isə rəsmi Moskvanın oyundan kənar qalması deməkdir.

•İkincisi Fransanı. Erməni diasporasının aktivliyi sayəsində Azərbaycanla münasibətləri pozulmuş Paris bunu xəyanət kimi qəbul edə bilər. Onsuz da kreslosu ləngərləyən Makronun Paşinyanın Bakıya gəlişini sakit seyr edəcəyini demək sadəlövhlük olardı.

•Üçüncüsü daxildəki revanşist qüvvələri. Siyasi varlıqları Qarabağ şüarından başqa heç nə ilə görsənməyən bu qrup müəyyən narahatlıqlar yarada bilər. Sözsüz ki, onlar da Rusiya və Fransadan dəstək alaraq, Paşinyan üçün müəyyən diskomfort situasiya yarada bilərlər.

Siyasi şərhçi Asəf Quliyev

visiontv.az