Ordum varsa, yurdum var...
Ordum varsa, yurdum var...
26.06.2022 Əkbər Qoşalı Tərəfindən

Azərbaycan Respublikasının dövlət müstəqilliyi illərində ordu quruculuğu ÖNCƏLİKLƏRİ

NATO ilə işbirliyi

XX yüzilliyin 90-cı illərinin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx, səmərəli işbirliyi ordu quruculuğu sürəcinin təkmilləşdirilməsinə,

Silahlı Qüvvələrimizin çağdaş standartlara uyğunlaşdırılmasına səbəb oldu. 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh adına tərəfdaşlıq” proqramına, bu işbirliyinin davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz sürəci” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarına, digər ikitərəfli işbirliyi proqramlarına qatılaraq ən son hərbi yeniliklərə yiyələndi.

Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda, İraqda zəngin təcrübə qazanan və uyğun şəkildə NATO standartlarına uyğunlaşan Azərbaycan Ordusu çağdaş orduya çevrildi;

Müdafiə Sənayesi Nazirliyində 400-dən çox müdafiə təyinatlı məmulatın istehsalı ölkəmizin hərbi qüdrətinin artmasının önəmli göstəricilərindəndir. Bu cür uğurlar Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordumuzun müdafiə qüdrətinin, döyüş yetənəyinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir;

Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, çağdaş infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Ali Baş Komandan hər zaman özəl diqqət yetirir. Azərbaycanda son illərdə formalaşan və çevik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, PUA-lar, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu önəmli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi işbirliyi genişləndirilib;

Silahlı Qüvvələrin çağdaşlaşdırılması Ali Baş Komandan, Prezident İlham Əliyevin dövlət idarəetmə siyasətinin strateji isiqamətlərindəndir. Ölkəmizin son illərdə çevik inkişafı Silahlı Qüvvələrin büdcəsinin artması və sonuc etibarilə Ordumuzun güclənməsi ilə müşayiət olunması Ali Baş Komandanın Ordu quruculuğu ilə bağlı öz vədinə sadiqliyini təsdiq edir. Son illərdə Ordumuzun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası önəmli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial durumunun yaxşılaşdırılması yönündə vacib addımlar atılmışdır;

Bu gün Qafqazlarda (haqlı olaraq) ən çağdaş Ordu hesab olunan Azərbaycan Milli Ordusu

* Hərbi Hava və Hava Hücumundan Müdafiə,

** Hərbi Dəniz və

*** Quru Qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı uçaqlarla təsirli mübarizə aparmaq iqtidarındadır.

Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin imkanları da genişlənir;

Ölkəmizin hərbi qüdrətini artıran dövlət siyasəti mövcuddur.

Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması, gənclərimizin vətəncanlılığı ilə, eyni zamanda, gərəkli və vaxtında aparılan islahatlarla sıx bağlıdır;

Komando! - Vətən Müharibəsində qazanılan tarixi Zəfər Ordu quruculuğunda müəyyən islahatları şərtləndirdi.

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı.

24.12.2021-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonunun Hadrut (Ağoğlan) qəsəbəsinə hərbi hissənin açılışında demişdir: “Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.”;

Azərbaycan Ordusunun qardaş Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması yönündə həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə bir qədər öncə Milli Müdafiə Universiteti (MMU) yaradılıb. MMU-nun başlıca görəvlərindən biri Ordumuzda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır. Azərbaycan Respublikası Prezidentinin 05.03.2022-ci il tarixli Fərmanı ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda dəyişikliklər edilib. (Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil müəssisəsi kimi ləğv olunub, onun maddi-texniki bazası əsasında iki müstəqil institut -

Hərbi Elmi Tədqiqat və Hərbi İdarəetmə İnstitutu yaradılıb.

H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi fəaliyyətini H.Əliyev adına Hərbi İnstitut kimi davam etdirəcək. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, C.Naxçıvanski adına Hərbi Lisey və H.Əliyev adına Hərbi Lisey də MMU-nun tabeliyinə verilib;

Müzəffər Ordu

Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçılıq siyasətinin dünyada tanıdılması yönündə uğurlu diplomatik iş aparan Prezident İlham Əliyev Ali Baş Komandan olaraq, 27.09.2020-ci ildə əks-hücum əməliyyatına başlamağı əmr etdi.

Bir bir və ya daha çox şəxs, abidə və mətn şəkili ola bilər

Müzəffər Ordumuz

44 gün içində 30 illik işğala son verdi. Düşmən üzərindəki Zəfər əvəzsiz tarixi uğurumuzdur. Şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədakarlığı hesabına bütün dünya Azərbaycanın şanlı qələbəsinə tanıq oldu. Cəbrayıl, Füzuli, Hadrut (Ağoğlan), Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər və Laçın azad edildi. Bununla da tarixi ədaləti bərpa edildi;

Qalib Ordunun hərbiçilərinin qəhrəmanlıqlarının əbədiləşdirilmsi.

Prezidentin təşəbbüsü ilə Vətən Müharibəsində qələbə münasibəti ilə Azərbaycan Respublikasının yeni orden və medalları təsis edilmişdir. Həmin orden, medalların təsis olunması qələbənin əbədiləşdirməsi və iştirakçılara ayrılan ali dövlət diqqətinin parlaq təcəssümüdür.

“Zəfər” və “Qarabağ” ordenləri,

həmçinin 15 yeni medal (“Vətən Müharibəsi Qəhrəmanı”,

“Cəsur döyüşçü”,

“Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”) təsis olunub;

Ədalətli mövqe və dönməz iradənin təntənəsi

Azərbaycan Ordusu işğala son qoydu! Ordumuz 44 gün içində hər gün irəli gedirdi, hər gün yeni şəhərlər, qəsəbələr, kəndlər, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgərinin, Azərbaycan zabitinin, generalının bir amalı vardı: işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın;

II Qarabağ Müharibəsi zamanında Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdi ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq;

Əldə olunan böyük Zəfərlə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Azərbaycan Ordusu öz üstünlüyünü döyüş meydanında sübut etdi;

Azərbaycan Ordusunun gücünün beynəlxalq etirafı da dediklərimizi təsdiq etməkdədir.

Aparıcı Qərb mətbu orqanlarında, eləcə də ABŞ-ın Milli Müharibə Kollecinin ("National War College"), "Seton Hall" Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən qürurverici qənaətlər hasil olub.

II Qarabağ Müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və uyğun ali hərbi məktəblərin dərsliklərinə salınaraq, öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edir;

Ordumuzun qüdrətini artıran çox önəmli amil: XALQ-ORDU BİRLİYİ.

“Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi. Bu birlik gələcəkdə də bütün görəvləri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü xalqın dəstəyinə bağlıdır.

Müharibə və onun sonucları xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayiş etdirmişdir.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər Qoşalı

Visiontv.az