Oman Hörmüz boğazında rüsum tutulmayan müvəqqəti dəhliz açıb
24.06.2026

Oman Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Dəniz Təşkilatı (BDT) ilə əməkdaşlıq çərçivəsində Hörmüz boğazından keçən gəmilər üçün ödənişsiz, müvəqqəti tranzit dəhlizini istifadəyə verib.

Visiontv.az-ın  TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Oman Sultanlığının Xarici  İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir.

Sənəddə qeyd edilir: "Oman Sultanlığının Hörmüz boğazına görə məsuliyyətindən irəli gələrək, həmçinin boğazda tranzit rüsumları tətbiq etmədən gəmiçilik azadlığını təmin edən beynəlxalq hüquqa və dəniz hüququ prinsiplərinə dəyişməz sadiqliyinə uyğun olaraq, Oman Beynəlxalq Dəniz Təşkilatı ilə koordinasiya sayəsində bütün gəmilər üçün müvəqqəti dəniz dəhlizindən istifadə imkanına şərait yaradıb".

Nazirliyin məlumatında vurğulanır ki, sözügedən qərar  ABŞ və İranın əldə etdiyi ortaq razılaşmalar fonunda qəbul edilib. Boğazı yeni dəhliz vasitəsilə keçmək niyyətində olan gəmilər marşrutlarını Oman rəhbərliyi və təşkilatın təyin etdiyi koordinatlar əsasında BDT ilə razılaşdırmalıdırlar.

Xatırladaq ki, iyunun 23-də BDT-nin baş katibi  Arsenio Dominqes bildirib ki, təşkilat İran, Oman və ABŞ hakimiyyəti ilə sıx koordinasiyada Yaxın Şərqdə qapalı qalmış 11 mindən çox dənizçinin təxliyəsinə başlayacaq. Onun sözlərinə görə, münaqişə nəticəsində 14 dənizçi həlak olub.

visiontv.az