Oğrunun şairə məktubu
12.04.2024

Salam, Həmkar, necəsən, nə var, nə yox?! Xahiş edirəm, müraciətimdən qəzəblənmə, hətta təəccüblənmə. Bir az səbrini bas və mənə diqqətlə qulaq as. Hər şerində məni qaralayırsan, cəmiyyətin, hətta təbiətin düşməni sayırsan. Halaldan, haramdan dəm vurursan, mənim bostanıma daş atırsan. Kimdir halal, kimdir haram, kimdir oğru, kimdir doğru, indi sənə anladacam…

İllər əvvəl mənim rəhmətlik atam qonşu rayondan bir sürü qoyun aparmışdı. Tanınmasın deyə, hamısının yununu qırxmışdı, bizim rayon bazarında babat pula topdan satmışdı. Sonra bunun üstü açıldı, atamı tutdular, qazamata saldılar. Qonşu rayon şairlərindən biri də bu barədə bir poema yazdı, atamı aləmə tanıtdı. Yeri gəlmişkən, mən bu poemanı əzbərdən bilirəm.

Darıxma, Həmkar, mətləbdən uzaqlaşsam da, qayıdıram. Bu gün səhər bizim rayon qəzetində sənin şerlərinə baxıram. Atam haqqında yazılan poema yadıma düşür. Doğrudur, bəzi yerlərini dəyişdirmisən, amma 3-cü şerdə tənbəllik etmisən, olduğu kimi vermisən. Əlini ürəyinin üstünə qoy, kişi kimi de, səninlə mənim fərqim nədir? Sən də oğrusan, mən də oğruyam, həmkarıq da, qardaş. Sadəcə olaraq, mən qoyun, inək oğurlayıram, satıram gedir. Sən şer, sənət oğurlayırsan, soxursan gedir. Mən tanınmasın deyə, inəyin buynuzunu qırıram, qoyunun yununu qırxıram, sən sözlərin yerini, hadisələrin tarixini dəyişirsən...

Amma fərqimiz var, istəyirsən deyim. Mən oğurladıqlarımı qan-tər axıda-axıda gecə oğurlayıram, sonra da qorxa-qorxa gecə satıram. Hamı da məni oğru kimi tanıyır, beş kişinin içinə çıxa bilmirəm. Sən isə kefdəsən, gündüz oğurlayırsan, gündüz də satırsan, nə qorxursan, nə də qan-tərə batırsan. Hamı səni şair kimi tanıyır, amma mən oğru kimi tanıyıram. Həmkar, sənin haqqında materialları yığıram, şer yaza bilməsəm də, rayon qəzetində babat məqalə çıxardacağam. Səni aləmə tanıdacağam - oğru türmədə olmalıdır. Sayğılarla...

Qalib ARİF

visiontv.az