Dövlət Baxçelinin bəyanatı və Oktay Saral kimi təriqətçilərin sonu.
O gün yazmışdım ki, həmişə dünyəviliyi dəstəkləyən Türk millətçi kəsimi niyə susur? Bu susqunluğu təhlükəli hesab etmişdim. Çünki meydanda yalnız bir səs qalırdı. O da “Azərbaycan hicabı qadağan etdi, bu yanlışdan dönün” deyən AKP-nin təriqətçi qanadının səsi. Nəhayət, Ankaradan gözlənilən cavab gəldi. Türk millətçilərinin lideri, MHP-nin başqanı Dövlət Baxçeli Türk Dövlətləri Təşkilatı zirvəsi öncəsi yazılı açıqlama ilə çıxış etdi. Bu, sadə bir açıqlama deyil. Bu, Oktay Sarala və onun arxasındakı xilafətçi-osmançı cəbhəyə Ankaradan verilən dövlət cavabıdır. Gəlin Baxçelinin mətninə fikir verək. O deyir ki, Türk Dövlətləri Təşkilatı çərçivəsindəki münasibətlərin təməlində hər bir üzv dövlətin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və öz daxili hüququna hörmət prinsipi dayanır. Bu cümlə birbaşa Oktay Sarala cavabdır. Tərcüməsi belədir. Sən kimsən ki, Azərbaycanın məktəb formasına qarışırsan? Azərbaycan müstəqil dövlətdir. Onun daxili hüququ var. Sənin baş müşavir olmağın sənə başqa dövlətin Konstitusiyasına qarışmaq hüququ vermir. Baxçeli daha iki mühüm söz işlədir. “Egeydən Xəzərə” və “iki güclü dövlət”. Niyə güclü? Çünki Oktay Saral və təriqətçilər Azərbaycanı zəif, nəsihətə möhtac, kiçik qardaş kimi təqdim etməyə çalışırlar. Baxçeli isə deyir ki, xeyr, Azərbaycan Qarabağ Zəfərini qazanmış güclü dövlətdir. Sən ona yuxarıdan aşağı baxa bilməzsən. Qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar əsasında danışa bilərsən. Baxçelinin ən sərt xəbərdarlığı isə budur: “İki ölkə arasındakı qardaşlıq hüququna xələl gətirməyə yönələn hər cür yanaşma qarşısında sağlam düşüncə, qarşılıqlı anlaşma və ortaq ağıl...”. Yəni Baxçeli deyir ki, Oktay Saralın tviti sadə fikir deyil, qardaşlıq hüququna xələl gətirən yanaşmadır. Bu, artıq MHP liderinin öz cəbhə yoldaşı olan AKP-dəki qrupa siz nifaq toxumu səpirsiniz deməsidir. Və elə növbəti cümlədə də o “nifaq toxumu” ifadəsini birbaşa işlədir. Bu, Baxçeli bəyanatının zirvəsidir: “İstiqamətimiz aydındır. Türk dünyası dövlətləri arasındakı qardaşlıq hüququna və könül bağlarına xələl gətirəcək heç bir nifaq toxumunun aramıza səpilməsinə imkan vermərik”. Türk siyasətində “nifaq toxumu” çox ağır ittihamdır. Baxçeli açıq deyir ki, bu gün “Azərbaycanda hicab qadağası var” yalanını yayanlar istər İranda Tasnim olsun, istər Türkiyədə təriqətçilər, istər də Saral kimi müşavirlər Türk dünyasının arasına nifaq toxumu səpir. Baxçeli onların məqsədini də dolayısı ilə izah edir. “Türkiyənin Türk Dövlətləri Təşkilatına sədrliyi öncəsi bu birliyi dağıtmaq”. Dövlət Baxçeli bu fikirləri boş yerə demir. O, Ankara zirvəsi öncəsi danışır. Oktyabrın son həftəsində Ankarada TDT zirvəsi olacaq. Orada Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan görüşəcək. Sədrliyi Azərbaycan Türkiyəyə təhvil verəcək. Bu görüşdən bir həftə əvvəl Oktay Saralın yaratdığı sünı gərginlik zirvəyə kölgə sala bilərdi. Baxçeli bu kölgəni təmizlədi. Dedi ki, bizim dövlət siyasətimiz Saralın tvitləri deyil, Türk dövlətlərinin suverenliyinə hörmətdir. Bu, eyni zamanda Ərdoğana da mesajdır ki, cənab Prezident, sizin baş müşaviriniz sizin siyasətinizə zərbə vurur. Qarabağ Zəfərinin Ali Baş Komandanı İlham Əliyevlə görüşünüzə nifaq salır.
Bu bəyanatdan anladım ki, Türkiyədə iki Ankara var. Birinci Ankara Oktay Saralın, xilafətçilərin, təriqətçilərin Ankarası. Onlar üçün Azərbaycan “osmanlı əyaləti”dir, ona nəsihət vermək olar, onun daxili işinə qarışmaq olar. İkinci Ankara isə Dövlət Baxçelinin, dövlət ağlının Ankarası. Onlar üçün Azərbaycan Egeydən Xəzərə uzanan könül coğrafiyasının ikinci güclü və suveren dövlətdir, onun daxili hüququna hörmət etmək lazımdır. Baxçelinin açıqlaması göstərdi ki, ikinci Ankara hələ də güclüdür. Və Türk Dövlətləri Təşkilatı da məhz bu ikinci Ankaranın layihəsidir. Ona görə də Oktay Saral kimilər bu qardaşlığı poza bilməz. Çünki qarşılarında təkcə Bakı yox, artıq Ankaradakı dövlət ağlı da dayanıb. Bu, mənim o gün verdiyim sualın cavabıdır. Türk millətçisi susmurmuş. O, ən lazımlı anda, ən lazımlı yerdən vurdu.
Şöhrət El-Dəniz
visiontv.az