Küsməkdən küsmək
31.03.2024

Gözləmədiyi qəfil telefon zəngi onu diksindirdi. Xeyir ola, görəsən hardan düşmüşəm yadına. İllərlə axtarıb-aramayan adam birdən telefon açıb hal-əhval soruşur. Maraqlı olan özünü çox gözlətmədi. İşi düşübmüş. Sağollaşan kimi düşüncələri onu uzaqlara çəkib apardı.

Görəsən insanlar niyə belədi. Xahişi olmasa, işi düşməsə səni axtarmazlar. Hər halda böyük əksəriyyət belədi. Bəzən salamı da təmənnalı verirlər adama. Birdən ağlına gəldi ki, görəsən bir neçə günlüyə yox olsa onu kim axtarar. Əlbəttə yaxın ətrafı çıxmaq şərti ilə. Telefonu qapayasan, sosial şəbəkə hesablarına da girməyəsən. Neçə adam maraqlanar görən hardadı. Hər səhər sabahın xeyir ünvanladığı dostları narahat olarlarmı heç. Ağlına gələn çox maraqlı gəldi özünə. Bir-bir dostlarını keçirdi göz önündən. Hə yəqin o…. Heç kim axtarmasa da o, mütləq arayacaq. Uzağı bir neçə saat, həmən zəng edər. Düzdü heç yadına gəlmirdi haqqında düşündüyü nə vaxtsa ilk olaraq onla salamlaşa. Hər halda mən imkan verməmişəm deyə düşündü. Bir az səbrli olub gözləsəydim bu müddət ərzində yəqin ilk olaraq soruşardı əhvalımı bir gün əlbət.

Kompüterini söndürdü. Telefonunu da yazı masasının üstə qoyub, evdən çıxdı. Bir-iki məişət qayğısını yoluna qoyub evə dönəndə telefonunun susduğunu gördü. Açıb ekrana baxmadı. Onsuz da gələnlər qutusunun boş olduğu görsənirdi. Bir az kitablarla baş qatdı. Hətta özünü məzəmmət də etdi. Həftədə bir gün beləcə dünyadan təcrid olunmağın yaxşı şey olduğunu niyə əvvəllər anlamamışam deyə özünə sual verdi.

İtaliya- Makedoniya qarşılaşmasını televizordan izləyib, təəssüratlarını kimləsə bölüşməyi belə lazımsız bildi. Adəti üzrə hər gecə yatağına uzananda baxdığı, oxuduğu maraqlı xəbərlər, paylaşımlar haqqında düşündü. Daşı ətəyindən tökmək istədi, amma anındaca fikrindən daşındı. “Küsməyimi” dözüb saxlayım deyə üzünə bir balaca təbəssüm də qondu. Görüm axır-əvvəl kimsə maraqlanacaq hara qeyb olmağımla. Yenə də fikiri bir yaxınının üstə fokuslandı. Heç nə olmasa da səhər bir sabahın xeyir deyər fikirləşdi.

Bu gecə hər gecəki kimi qarmaqarışıq yuxular da “qonağı” olmadı. Bu nədi ey… hiss olunub ki, küsməklə məşğulam? Yuxuda da məni boğan, məzəmmət edən olmadı.

Gündəlik qayğılarının fonunda gözü telefonda qalmışdı. Saat 11 idi. Nə zəng vardı, nə də hansısa ismarıc. Maraq onu həddindən artıq ilgiləndirirdi. Bu qədər dostlardan biri niyə bir sutkanı harda itib batdığımı soruşmur görən. Deyək ki, bayram günləridi, narahat etmirlər. Axı hamısı bilir bu günləri heç yerə getməmişəm, ancaq evdə olmuşam.

Elə hey boylandığı telefon isə susurdu ki, susurdu. Stasionar telefonun dəstəyini qaldırıb, zümer səsin olduğunu yoxladı. İşləyir, amma bunun susmaq köhnə şakəridi, fikirləşdi.

Artıq “küsməyinin” dili açılıb, doğrudan küsməyə keçid alırdı. Hamını başa düşdüm, bəs o..?

Çınq…çınq….çınq… mesaj səsi onu giley-güzarlı düşüncələrindən ayırdı. Uşaq kimi sevincək hər gün imkan daxilində çox olduğu hesaba girdi. Özünü qınadı da. Mən səbrsizin biriyəm. Deyirəm axı hamının yadından çıxsam da o mütləq məni arayacaq.

Bir anlıq gözləri hərləndi. Üzündə qeyri-adi ifadə doğdu. Bilmək olmurdu bu təbəssümə keçid almaq üçün pozadı, yoxsa nə…

Təkrar bir də oxudu.

Dostluq təklifimizi qəbul etsəz və bizim reklamlarımızı paylaşımlarınızda bölüşsəz, lazımınz olduğu vaxt güzəştlərimizdən faydalanacaqsız.

Təklif “Tabut dizayn və dəfn xidmətləri” dən idi.

Bu an onun üzündəki bəlkə də dünyada hələ yenicə “kəşf” olunan küsməkdən küsmək ifadəsini sezməmək mümkün deyidi.

Pərviz Yəhyalı

visiontv.az