Kremlin yaxınlığında atışma olub, 1 nəfər ölüb, 28 nəfər saxlanılıb
18.09.2024

Moskvanın mərkəzində, Kremlin yaxınlığında yerləşən "Wildberries" şirkətinin baş ofisində silahlı atışma ilə bağlı 28 nəfər saxlanılıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.

Şirkətin yerləşdiyi Romanov Dvor biznes mərkəzinə giriş bağlanıb, həmin küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

"Wildberries"dəki mənbə şirkətin Romanov Dvor biznes mərkəzindəki ofisinin təhlükəsizlik xidmətinin əməkdaşının ofisi ələ keçirmək cəhdi zamanı öldürüldüyünü açıqlayıb.

Qeyd edək ki, bu gün "Wildberries"in baş ofisində silahlı insident baş verib. İnsidentin şirkətin rəhbəri Tatyana Bakalçukun həyat yoldaşı Vladislav Bakalçukun və bir qrup kişinin binaya buraxılmaması səbəbindən baş verdiyi bildirilib.

Nəticədə biri polis əməkdaşı olmaqla iki nəfər yaralanıb, bir nəfər isə həyatını itirib.

Şirkətdən o da bildirilib ki, Vladislav Bakalçuk mühafizəsi ilə birlikdə Moskvadakı Wildberries ofisinə qanunsuz daxil olmağa cəhd edib.

Xatırladaq ki, bir müddət əvvəl Tatyana Bakalçuk əri Vladislavla boşanma prosesinin başlandığını açıqlamışdı.