Korrupsiya dövlətin əsaslarını sarsıdan pisliklərdəndir
Korrupsiya dövlətin əsaslarını sarsıdan pisliklərdəndir
16.03.2023 Sahib Alıyev Tərəfindən

Korrupsiya bütün hallarda dövlətin əsaslarını sarsıdan pisliklərdəndir, qarşısı həm institutsional yolla, həm də sərtliklə alınmalıdır. Ona əgər başqalarının tapşırığıyla, təxribat məqsədilə yol verilirsə, onda həmən korrupsiyada əli olanları dövlət qətiyyən bağışlamamalı, cəmiyyət isə lənətləməlidir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə bir neçə il öncə Beynəlxalq Bankada baş vermiş korrupsiya və yeyintilərin arxasında məhz belə məkrli niyyətin dayandığını bildirib: "Bilirsiniz ki, ölkəmizin bank sektorunda olduqca ciddi problemlər var idi. Onlardan biri Azərbaycan Beynəlxalq Bankı ilə bağlı idi ki, bu, az qala Azərbaycanın maliyyə sisteminin dağıdılması cəhdi idi. Bu, məqsədyönlü təxribat idi və sadəcə, dövlət vəsaitinin oğurlanması deyildi. Bu, Azərbaycanın maliyyə sisteminin dağıdılması cəhdi idi. Bizim bunun arxasında kimlərin dayanması ilə bağlı müəyyən mənada təsəvvürümüz var.

Burada böyük təmizləmə işləri aparıldı və zənnimcə, nəhayət ki, prosesin sonuna çatmışıq. Beləliklə, Azərbaycanın bank sektoru heç vaxt olmadığı qədər sağlamdır. Mərkəzi Bankdan mənə verilən əlavə məlumata görə, hələ də müəyyən həll edilməli məsələlər var. Lakin əminəm ki, tezliklə Azərbaycanın bank sistemi regionun ən şəffaf və səmərəlilərindən biri olacaq".

Millət vəkili Sahib Alıyev

visiontv.az