İrəvan Azərbaycan Dövlət Teatrımızın Nəsimisi
28.03.2024

Bu İrəvan Azərbaycan Dövlət Teatrımızın Nəsimisidir. Və bu şəkli təsadüfən qoymadım mən bura.

Əlbəttə gözəl ölkəmizin, bütün Türk dünyamızın, tərəqqipərvər insanlığa mənsub olan cəmi teatrsevərləri, teatr xadimlərini bu gözəl günləri münasibətilə ürəkdən təbrik edir, onlara uzun ömür, can sağlığı, firavanlıq, davamlı yaradıcılıq uğurları arzulayırıq. Bu gün tanıdığımız teatrın kökləri çox uzaqlara, hələ ilk insan sivilizasiyasının yaranmasından da əvvələ təsadüf edir. İlk insan qəbilələrinin əşyalar hazırlamağa başladığı dövrdə onlarda həm də bir ugurlu ov, bərəkətli məhsul yığımı, təbiət şıltaqlığından qaneedici qurtulma təntənəsini və ya hansısa təhlükələrin yaratdığı hisslərin qarşı tərəfə, yəni tamaşaçıya onların düşünüb qurduğu ifadə tərzi formasında çatdırılması zərurəti yaranırdı... Mənə görə bu teatrın ilk rüşeymi idi. Tarixi mənbələrə görə isə antik dövrün teatrı e. ə. 534-cü ildə yaranmışdır. Bu klassik incəsənətə addir. İndi gələk bizim Azərbaycanımıza. Rəsmi qaydada Azərbaycan teatrının 151 yaşı var. Amma İrəvan Xanlığının Şərq incilərindən biri sayılan, məhşur "Sərdar" sarayında ən azı 351 il əvvələ təsadüf edən oturuşmuş teatr, səhnələşdirilmiş tamaşalar ənənəsi olmuşdur. Bunu dövrünün məhşur fransız səyahətçi rəssamı Jan Batist Şarden hələ İrəvan xanlığına 1673-cü ildə etdiyi səyahətin təəssüratlarını qələmə alarkən qeyd etmişdir. Yazırdı ki, möhtəşəm "Sərdar" sarayının ecazkar divarları arasında səhnələşdirilmiş tamaşaları böyük maraqla, heyranlıqla izləyirdik. Bu da yeganə mənbə deyil. Ümumiyyətlə Avropanın,Rusiyanın bir çox tanınmış səyahətçiləri, tarixçiləri, rəssamları ayrı ayrı dövrlərdə öz yazılarında "Sərdar" sarayında rast gəldikləri yüksək sənət nümunələrinə, burdakı çox kübarcasına olan davranışlara xüsusi diqqət çəkərək bəhs etmişlər. Ən böyük arzularımdan biri də budur ki, yazdıqlarımın sənət həllini kinomuzda, bədii ədəbiyyatımızda, televiziyamızda görəm. Bu bizim həm vəfa borcumuz, həm də strateji məsələdir.

İsgəndər Sərdarlı

visiontv.az