İran prezidentinin Təbrizə səfəri planlaşdırılır
05.06.2023

İran prezidenti İbrahim Rəisinin Təbrizə səfəri planlaşdırılır. Rəisinin gözlənilən səfəri sosial mediada müzakirələrə səbəb olub.

Visiontv.az Gunaztv - yə istinadən bildirir ki, Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəm Rəisinin iyunun 18 və 19-da Təbrizdə olacağını bildirib.

Valinin iki günlük səfərin müsbət nəticələri olacağına dair çıxışı tənqid edilib.

Sosial media istifadəçiləri İran prezidentinin seçki seçki kampaniyası zamanı azərbaycanlılara verdiyi vədlərin heç birini yerinə yetirmədiyini yazıblar.

Onlar bildirib ki, prezidentin Urmu gölünün bərpası, əyalətdə işsizliyin azaldılması, abadlıq işlərinin görülməsi, yeni zavodların açılması ilə bağlı təbliğat xarakterli çıxışlarında deyilən sözlərin heç birinə əməl olunmayıb.

Qeyd edək ki, bu, prezident seçildikdən sonra Rəisinin Təbrizə ikinci gəlişidir və səfər çərçivəsində onun iqtisadçılar, iş adamları və istehsalçılarla da görüşəcəyi bildirilir.