ABŞ prezidenti Donald Tramp ötən həftə İranla ikihəftəlik atəşkəs elan etdi, İranın Hörmüz boğazını açmağa razılıq verdiyini bildirdi. Ancaq tərəflər həftəsonu İslamabadda razılığa gələ bilmədilər. İndi ABŞ Hörmüzdə İran limanlarına gedib-gələn gəmilərə blokada tətbiq etməklə hədələyir.
Dünyada neftin və mayeləşdirilmiş qazın təxminən 1/5-i Hörmüzdən keçir.
Fevralın 28-də ABŞ və İsrail İrana zərbələrə başlayandan az sonra İran Hörmüzü faktiki bloklayıb. Boğazdan daşımalar kəskin azalıb, bu isə neft və qazı bahalandırıb.
İran istəyir ki, istənilən sülh razılaşmasına Hörmüzdən keçən gəmilərdən rüsum toplamaq hüququ salınsın. Boğazın eni ən dar nöqtədə cəmi 38 kilometrdir. Bu su yolundan keçən bütün gəmilər ya İranın, ya da Omanın ərazi sularından istifadə etməlidir.
İran rəsmiləri "The New York Times" qəzetinə deyiblər ki, rüsum hər gəmi üçün 2 milyon dollara qədər ola bilər, bu məbləğ Omanla bölüşdürüləcək. Müharibədən öncə hər gün boğazdan təxminən 130 gəmi keçirdi. Bu, İran üçün böyük gəlir mənbəyi ola bilər. Ancaq qanunidirmi? AzadlıqRadiosunun data jurnalisti İvan Qutterman bu suala cavab axtarıb.
BMT-nin Dəniz Hüququ Konvensiyasına (UNCLOS) görə, gəmilər Hörmüz boğazından pulsuz keçməlidir. Konvensiya açıq dənizin və ya müstəsna iqtisadi zonanın bir hissəsini digəri ilə birləşdirən boğazlardan keçən gəmilərə müdaxiləyə, rüsum tətbiqinə icazə vermir. İran bu konvensiyanı imzalasa da, ratifikasiya etməyib.
ABŞ formal olaraq bu konvensiyanın tərəfi deyil, ancaq onun bir çox müddəalarını adi beynəlxalq hüquq kimi tanıyır. Vaşinqton nəinki bu qaydalara əməl edir, naviqasiya azadlığını da aktiv müdafiə edir.
Bəzi ölkələr digər strateji boğazlardan istifadə üçün rüsum toplayır. Ancaq məsələ həmin keçidin necə təsnif olunmasındadır. UNCLOS beynəlxalq naviqasiya üçün istifadə olunan təbii boğazları əhatə edir. Süni kanallar isə başqa müqavilələrlə tənzimlənir.
UNCLOS qüvvəyə minməzdən öncə mövcud beynəlxalq razılaşmalarla tənzimlənən boğazlar da konvensiyanın təsirinə düşmür. Beləliklə, üç kateqoriya yaranır: kanallar, əvvəlcədən razılaşdırılmış boğazlar və UNCLOS ilə tənzimlənən boğazlar. Yalnız sonuncular pulsuz olmalıdır.
Misir 2024-cü ildə Süveyş kanalından keçən 13 min 213 gəmidən təxminən 4 milyard dollar gəlir əldə edib. Bu kanal süni su yoludur. Onu UNCLOS deyil, 1888-ci il Konstantinopol Konvensiyası tənzimləyir və Misirə rüsum təyin etmək hüququ verir. Panama kanalı da eyni qaydada işləyir.
Türkiyə isə Bosfor və Dardanel boğazlarından keçid üçün rüsum toplayır. Bu keçidlər UNCLOS deyil, 1936-cı il Montrö Konvensiyası ilə tənzimlənir.

Hörmüzdə rüsum tətbiq olunarsa, bu, UNCLOS-a daxil boğazlar arasında ilk belə hal ola bilər. Regionda, xaricdə bəzi ölkələr atəşkəsi alqışlasalar da, belə rüsuma qarşı çıxıblar.
Qətər boğazdan böyük ixracatçı ölkələrdən biridir. Xarici İşlər Nazirliyi beynəlxalq hüquq qaydalarına uyğun olaraq beynəlxalq naviqasiya və ticarət azadlığının təmin edilməsinin vacibliyini vurğulayıb. Avropa Komissiyasının nümayəndəsi də bildirib ki, naviqasiya azadlığı heç bir ödəniş və rüsum olmadan təmin olunmalıdır.
Dünya üzrə dəniz neft daşımalarının təxminən 22 faizi Malakka boğazından keçir. Bu boğaza keçmək üçün gəmilər Sinqapur, Malayziya və ya İndoneziyanın ərazi sularına daxil olmalıdır.
UNCLOS-a görə, bu boğazdan keçid pulsuzdur. Sinqapur bəyan edib ki, Hörmüzdən keçid üçün İranla danışıqlara getməyəcək. "Tranzit keçid hüquqdur, sahilyanı dövlətin verdiyi imtiyaz deyil… Bu, ödəniləsi rüsum deyil", – ölkənin xarici işlər naziri aprelin 7-də deyib.
Tramp deyib ki, Hörmüzdə rüsum ABŞ və İran arasında "birgə layihə" kimi gerçəkləşə bilər. İ.Qutterman yazır ki, ABŞ belə bir rüsumun tətbiqinə razılıq versə, bu, Vaşinqtonun naviqasiya azadlığı üzrə onilliklərdir qüvvədə olan siyasətində dəyişiklik siqnalı verər. Bu isə Cənubi Çin dənizi üzərində daha çox nəzarətə can atan Çin kimi ölkələri ruhlandıra bilər.
visiontv.az