Hesablama Palatası toxumçuluq sahəsində bəzi problemlər aşkarlayıb
15.04.2024

Hesablama Palatası toxumçuluq sahəsində bəzi problemlər aşkarlayıb

Toxumçuluq sahəsi üzrə qüvvədə olan hüquqi aktların müddəaları müasir dövrün reallıqlarına (təkmil beynəlxalq təcrübələrə) tam cavab verməməklə faktiki olaraq toxumçuluğun inkişafında institusional və funksional məhdudiyyətlər yaradıb, o cümlədən ilkin toxumçuluq mərhələsində toxumların (Orijinal, Super Elit və Elit sinifli) artırılması fəaliyyətinin əhatə dairəsinin genişləndirilməsini (dövlət-özəl və ya özəl mülkiyyət mənsubiyyətli təsərrüfat subyektlərinin timsalında), yerli hibrid toxumçuluğunun inkişafını təşviq etməmiş, eləcə də toxumların (o cümlədən, qablaşdırılmalı olan sort nümunələrinin) dövriyyəsinin bütün mərhələlərində (idxal, dövlət sınağı, yerli alış, reproduksiya, satış, emal, utilizasiya və s.) sənədləşmə reqlamentini və nəzarət prosedurlarını tənzimləməyib.

Visiontv.az  APA-ya istinadən xəbər verir ki , bu, Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülleteninin 2024-cü il üçün 1-ci nömrəsində yer alan “Toxumçuluq sahəsində fəaliyyətin nəticəliliyinin qiymətləndirilməsinin səmərəlilik (performans) auditinin nəticələri haqqında” auditor hesabatında əksini tapıb.

Qeyd edilib ki, əvvəlki illərdə Elit sinifli toxumu (gömrük bəyannamələri, elektron qaimə-fakturalar və (və ya) Kənd Təsərrüfatı Nazirliyinin Elit toxumunun güzəştli satışı üzrə adlı bölgüsü ilə təsdiqlənən toxum alışı üzrə) alınmadığı halda növbəti ildə R1 reproduksiyalı toxumların istehsal edilərək satılması adı altında toxumçu təsərrüfatı kimi qeydiyyata alınmış şəxslərə toxum subsidiyalarının ödənilməsinə yol verilib, eyni zamanda ümumi toxum subsidiyasının 2021-ci ildə 73,2%-ni, 2022-ci ildə 53,7%-ni əldə etmiş, toxumçu kimi qeydiyyata alınmış hüquqi və fiziki şəxslər üzrə həmin toxumun istehsalı üçün bəyan dövründə müvafiq əkin sahələri bəyan olunmayıb.

Qeyd edilən uyğunsuzluqların daxili nəzarət qaydasında vaxtında araşdırılması və qanunvericiliklə nəzərdə tutulan tədbirlərin tətbiqi təmin edilməyib, alış və satış əməliyyatlarının mühüm təsdiqedici ilkin sənədləri kimi elektron qaimə-fakturalara və idxalda gömrük bəyannamələrinə əsaslanmamaqla toxumçuluğun subsidiyalaşdırılması prosesi üzərində məsafədən dövlət nəzarətinin müasir rəqəmsal elementlərindən istifadə olunmaması sinifli və (və ya) reproduksiyalı toxumların hərəkətinin həqiqiliyini sual altında qoyub ki, bu da müəyyən intizamsızlıq hallarının baş verməsinin və “toxum subsidiyası” adı altında əsassız ödənişlərin həyata keçirilməsinin qarşısının alınmasına yardım etmir.

Bildirilib ki, sığorta tarifləri ölkənin aqroiqlim rayonlaşdırması (ərazilərin iqlim amilinə görə bölgüsü nəzərə alınmaqla qruplaşdırılması) nəzərə alınmadan iqtisadi zonalar üzrə bölgüyə əsaslanaraq müəyyən edilib ki, bu da eyni iqtisadi zonada, hətta eyni inzibati rayonda olsalar da, müxtəlif iqlim şəraitinə malik olan ərazilərə və kəndlərə eyni tariflərin tətbiqi nəticəsində təsərrüfat subyektləri üçün hesablanmış sığorta haqlarının obyektivliyini (ədalətliliyini) azaldıb. İri və xırda buynuzlu heyvanların saxlanma şəraitlərinin, xəstəliklərinin və ümumiyyətlə sığorta risklərinin fərqli olmasına baxmayaraq Aqrar Sığorta Fondunun İdarə Heyətinin müvafiq Qərarı ilə auditlə əhatə olunan dövr üçün bir illik geniş sığorta təminatında 10% şərtsiz azadolma ilə 9,5 sığorta tarifi müəyyənləşdirilərək iribuynuzlu və xırdabuynuzlu heyvanlar üçün vahid tarif tətbiq edilib ki, belə yanaşma eyni zamanda baza kimi qəbul edildiyi bəyan edilmiş Türkiyənin TARSİM (tarım sığortası) modelindəki analoji sığorta predmeti üzrə tarifləşmə yanaşması ilə də uyğunsuzluqlar yaradıb.

Qeyd edilib ki, hər hansı hüquqi (rəsmi) əsaslar (o cümlədən, ikitərəfli qaydada təsdiqlənməklə hüquqi qüvvəyə malik sənəd (müqavilə və ya şəhadətnamə)) mövcud olmadığı halda Aqrar Sığorta Fondu tərəfindən dövlət orqanı olan  Aqrar Kredit və İnkişaf  Agentliyi aqrar sığorta hadisələri çərçivəsində “faydalanan şəxs” qismində tanınmaqla “sığorta ödənişi” adı altında büdcə səviyyəsinin kodu 7 olan müvafiq (yəni, dövlət büdcəsinin gəlir və xərclərində iştirak etməyən) xəzinə hesabına 676,7 min manat məbləğində vəsaitin köçürülməsinə yol verilib ki, bu da 50,0%-i dövlət büdcəsindən maliyyələşdirilən sığorta haqlarından əldə olunan maliyyə resurslarının istifadə təyinatının pozulması deməkdir. Həmin vəsaitin köçürülməsi əməliyyatları çərçivəsində Aqrar Kredit və İnkişaf Agentliyi müvafiq maliyyə (mühasibat) uçotu registrlərində debitor və (və ya) kreditor şəxs kimi tanınmamış (tanınması üçün hüquqi (rəsmi) əsasın olmadığı səbəbindən haqlı olaraq köçürmələr maliyyə (mühasibat) uçotu registrlərində “aqrar sığortalı” şəxslərin adı altında əks etdirilib.

Eyni zamanda 2020-2022-ci illər ərzində hər-hansı qarşılıqlı razılaşma olmadan Aqrar Xidmətlər Agentliyi tərəfindən tərəvəz bitkiləri üzrə 327 sort, bostan bitkiləri üzrə 31 sort nümunəsi dövlət sınağının həyata keçirilməsi üçün Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna göndərilmiş və dövlət sınağının aparılması üçün mandatı olmayan həmin qurum tərəfindən 296 sortun dövlət sınağının qeyri-real müddətdə və təkrarlar olmadan aparıldığı rəsmiləşdirilmişdir ki, bu da dövlət sınağının aparılması işlərinə formal yanaşıldığını və etibarlı nəticələrin əldə edilmədiyini demək üçün müəyyən əsaslar yaradıb.

visiontv.az