Hələlik aydın olan ABŞ-İsrail və Rusiya-İran formatlarıdır
Hələlik aydın olan ABŞ-İsrail və Rusiya-İran formatlarıdır
22.10.2023 Ərəstun Oruclu Tərəfindən

Həmas - İsrail münaqişəsi böyüyür. Birmənalı İsraili müdafiə edən ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır və bu da onun özünü hədəfə gətirir. Artıq Türkiyə ABŞ-ın Şərqi Aralıq dənizində hərbi gücünü artırmasına kəskin etirazını bildirib.

Görünən budur ki, ABŞ da bir qayda olaraq NATO-nun şərq cinahını təşkil edən Ankaraya güvənmir və elə ona görə də Aralıq dənizində əsas hərbi güc olmaq rolunu öz üzərinə götürməkdədir.

Digər tərəfdən isə bölgədəki İran proxyləri ABŞ hərbi kontingentinin İraqda dislokasiya olunduğu hərbi bazanı atəşə tutub. Yəməndəki İran tərəfdaşı olan husilər isə İsrailə raket atıblar. Atılan raketlərin ABŞ donanması tərəfindən vurulduğu bildirilir.

Bu fonda İsrail Qəzada quru əməliyyatına mütləq başlayacağını bildirib. Bir çoxları, o cümlədən də ABŞ baş nazir Netanyahunu bu addımdan çəkinməyə çağırır. İsraillə Hizbullah arasında da ara-sıra mərmi-raket mübadiləsi baş verməkdədir.

Bütün bunlar Yaxın Şərqdə baş verənlərin hələlik ancaq görünən hissəsidir. ABŞ mediası bu ölkənin Ukrayna üçün nəzərdə tutulmuş silah-sursatın bir hissəsini İsrailə yolladığını bildirir ki, bu da Yaxın Şərqdə vəziyyətin kritik olduğunu deməyə əsas verir.

ABŞ-ın daxilində Bayden adminstrasiyasının siyasətinin tənqidi artmaqdadır. ABŞ-ın daxili siyasətindəki vəziyyət onun istər Yaxın Şərqə, istərsə də digər bölgəyə yönəlik siyasətinə təsir edən ən mühüm amildir. Xüsusilə də qarşıdan seçki ili gəldiyini nəzərə aldıqda.

Göründüyü kimi, "ABŞ bizə ikinci, üçüncü və s.cəbhə açır" deyənlər çox məharətlə Vaşinqtonun özünə ikinci cəbhəni açmağa nail olmaqdadır. Bundan bütün vasitələrlə yayınmağa çalışan ABŞ isə hələlik yalnız güc nümayişi ilə kifayətlənməyə məcburdur.

Vəziyyəti bir qədər də ağırlaşdıran Yaxın Şərq ölkələrinin əksəriyyətində mövcud durumla bağlı hərhansı planın olmamasıdır. Bu da ölkələr arasında tərəfdaşlığın olmadığını şərtləndirir. Hələlik aydın olan ABŞ-İsrail və Rusiya-İran formatlarıdır.

Amma hər bir halda böyük müharibə üçün şərait hələ yetişməyib.

Ərəstun Oruclu

visiontv.az