Son günlər farsdilli mediada, o cümlədən rəsmi kütləvi informasiya vasitələrində İranda bu ilki Məhərrəmliyin fərqli şəkildə keçirildiyi barədə çoxsaylı yazılar dərc olunub.
Misal üçün, İran dövlət teleradio təşkilatının “İRİB-nyus” informasiya agentliyi həmin fərqin nədən ibarət olduğunu açıq şəkildə ifadə edərək yazıb: “Bu il keçirilən Hüseyn əzadarlıqlarında dini etiqadlarla milli hisslərin çulğaşması bu ilki Məhərrəmliyi əvvəlki illərin Məhərrəmlikləri ilə müqayisədə fərqli və əlbəttə, daha cəzbedici edib”. “Sepah”a bağlı “Təsnim” informasiya agentliyi isə Mazandaranda qədim ayinlərdən istifadə olunmaqla “fərqli bir Məhərrəmlik” barədə məqalə dərc edib, halbuki burada haqqında danışılan qədim ayinlər əsasən dini-məzhəbi deyil, milli-mədəni və etnoqrafik mahiyyət daşıyır. İranda mötədil siyasi cinahın tribunası olan “Sazəndegi” qəzeti “Fərqli Məhərrəmlik” başlığı ilə hökumət məddahı Mustafa Rağibin keçirdiyi mərasimlərdən bəhs edib və bu mərasimlərdə truba, saksafon, klarnet kimi alətlərdən istifadə olunduğunu xüsusi vurğulayıb. Həmin məddah öz açıqlamasında o əzadarlıq mərasimlərində vətən və İran haqqında da bir neçə beyt söylədiyini bildirib.
Məhərrəmliyin ilk günlərindən özünü göstərən və geniş diqqət çəkən bu millətçi-patriotik diksursun ən parlaq təzahürü İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin 22 günlük fasilədən sonra cəmiyyət içərisinə çıxdığı Xomeyni “Hüseyniyyə”sində keçirilən Aşura mərasimi zamanı özünü göstərib.
visiontv.az