Fernan daş plitənin üzərində uzanmış şəkildə təsvir olunub, üzü sevdiyi bir qadının simasına yönəlib
17.08.2025

Parisin məşhur Per Laşez (Père Lachaise) qəbiristanlığında, böyük Oskar Uayld, Frederik Şopen, Marsel Prust, Emil Zolya, Onore de Balzak, Alber Kamyu, Kamilla Pisarro, Amadeo Modilyani, Maks Ernest, Jorj Sera, Pyer Abelyar, Pyer Burdyo, Jan Fransua Kampolyon, Oqüst Kont, Jorj Küvye, Jozef Furye, Jan Batist Sey, Anri de Sen-Simon, Jan Mulen, Sara Bernar və başqalarının uyuduğu yerdə, təvazökar, amma olduqca duyğulu bir məzar var.

Bu, 1942-ci ildə vəfat etmiş fransız musiqiçi və aktyoru Fernan Arbelonun son mənzilidir.

Onun məzar daşı 1946-cı ildə belçikalı heykəltəraş Adolf Vansar tərəfindən hazırlanmışdır. Məzardakı epitafiyada belə yazılıb: “Ils furent émerveillés du beau voyage qui les mena jusqu’au bout de la vie”. Yəni "Onlar həyatlarına sonuna gətirən səyahətin gözəlliyinə valeh oldular".

İlk gördüyümdə qəbristanlıqdakı yüzlərlə, minlərlə başqa məzarlardan birinə bənzəyirdi. Fəqət, az sonra anladım ki, məzkur məzarda kövrək sirr var.

Fernan daş plitənin üzərində uzanmış şəkildə təsvir olunub, üzü sevdiyi bir qadının simasına yönəlib və onu zərifliklə əllərində tutur. Onun baxışları sakitdir, demək olar ki, düşüncəli – sanki onunla səssiz bir söhbət edir.

Fernan Arbelonun ölümündən əvvəlki son istəyi bu olub: dünyadan köçdükdən sonra belə, həyatından artıq sevdiyi qadının simasını görmək istəyirdi.

Onun arzusu gerçəkləşdi.

Əbədi əhdə və peymana çevrilmiş bir sənət əsəri...

Dastana çevrilmiş məzar.

Orada, sükutda Fernan hələ də həyatının yoldaşına, xanımına, sevgisinə baxır.

Parissə zərifliyin hopduğu, daşa həkk olunmuş əhdi qoruyur...

Elçin Alıoğlu

visiontv.az