Ermənistanın İranla dostluğu Qərb auditoriyasında ciddi suallar doğurur
Ermənistanın İranla dostluğu Qərb auditoriyasında ciddi suallar doğurur
07.02.2023 Elbəyi Həsənli Tərəfindən

“Bloomberg” agentliyi “Azerbaijan, Iran and Rising Tensions in the Caucasus” (Azərbaycan, İran və Qafqazda artan gərginlik) adlı məqalə təqdim edib.

Yazıda qeyd olunur ki, İranın 85 milyonluq əhalisinin üçdə biri azərbaycanlılardan ibarətdir. Onlar özlərini daha çox türk adlandırırlar.

Bildirilir ki, İran Ermənistanı müdafiə edir. Bu, Azərbaycan tərəfindən son dərəcə mənfi qarşılanır. Azərbaycanla da İsrailin isti münasibətdə olması İranı hövsələdən çıxarır...

Deyim ki, iri məqalədir. Bizə məlum olan bir sıra faktlar qabardılır. Xüsusən, Azərbaycanın Avropaya neft və qaz ixrac etməsinin önəminə diqqət çəkilir.

Mənim baxışıma görə, bu məqalənin dəyəri ondadır ki, Qərb mediasında Azərbaycanın məhz İsraillə dostluğuna görə İranla münasibətlərinin kəskinləşməsi dönə-dönə vurğulanır. Qərbdə İrana münasibət birmənalı olaraq pisdir. Qərbin xüsusi nifrət bəslədiyi İranla Azərbaycanın münasibətlərinin kəskin olması ölkəmizin xeyrinədir. Bu, Azərbaycanın beynəlxalq imicinə müsbət təsir edən amillərdən biridir.

Gecə-gündüz demokratiyadan dəm vuran Ermənistanın isə İranla dostluğu təbii ki, ona əlavə problemlər yaradır və Qərb auditoriyasında ciddi suallar doğurur...

Elbəyi Həsənli

visiontv.az