Anti-Azərbaycan mövqeyi ilə tanınan bədnam iranlı analitik Ehsan Movəhhediyan “İran Diplomatiyası” portalında dərc olunan məqaləsində Ermənistan daxilində siyasi fikir ayrılıqlarının artdığını və 8 ay sonra keçiriləcək parlament seçkilərinin nəticəsinin İran üçün əhəmiyyət daşıdığını bildirib.
Ekspertə görə, Ermənistan İranın xarici dünya ilə kommunikasiya və tranzit əlaqələrində mühüm rol oynayır və seçkilərin nəticəsi regiondakı geosiyasi balanslara təsir göstərə bilər.
Movəhhediyan qeyd edir ki, Ermənistan hökumətinin dəstəklədiyi yeni tranzit marşrutu – “Tramp marşrutu” – İran sərhədinə yaxın ərazilərdən keçə bilər və bu layihənin reallaşması İranın Qafqazdakı strateji mövqelərinə təsir göstərə biləcək amillərdən biri kimi qiymətləndirilir. O, hazırkı şəraitdə bölgədə yeni hərbi eskalasiya ehtimalını aşağı qiymətləndirir, lakin Ermənistanda hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə bölgədə risklərin arta biləcəyini istisna etmir.
Movəhhediyan Ermənistanda siyasi gərginliyi artıran amillərdən biri kimi Paşinyan hökumətinin müxtəlif siyasi və dini rəqiblərinə qarşı sərt addımlar atması barədə iddialara da toxunur. Müxalifət bu addımları siyasi rəqabəti məhdudlaşdırmaq kimi qiymətləndirir, hökumət isə ittihamları qəbul etmir və korrupsiyaya qarşı mübarizə çərçivəsində həyata keçirildiyini bildirir.
Ekspertin qənaətinə görə, Ermənistan seçkilərinin nəticələri regionda geosiyasi dinamikaya və İranın gələcək strateji mühitinə təsir göstərəcək amillərdən biri ola bilər.
visiontv.az