"Crocus City Hall"dakı terakt Rusiyadakı bəlli qurumların iflasıdır, ya uğuru?
31.03.2024

Amma bundan kimlərinsə bəhrələnərək Rusiyadakı azərbaycanlı icmasını, uğurlu iş adamlarını, Rusiya-Azərbaycan əlaqələrini hədəfə almaq istəyəcəyi gözlənilən idi. Rus ictimai rəyi başqa cür idarə olunmur; ona mütləq düşmən(lər) təqdim edilməlidir.

Azərbaycanın və azərbaycanlıların düşmən obrazında təqdim edilməməsi üçün dövlətin atdığı addımlar uğurludur, hər hansı bəhanələrə də əl yeri qoyulmur. Belə ki, Rusiya ilə çoxsaylı anlaşmalar imzalanıb, Azərbaycan ictimai rəyini yönəldən aparıcı KİV və qurumlar Rusiya mövzusunda kifayət qədər həssas davranır, Qərbdəki rusofob kontent bizim ictimai rəyə daşınmır, son hadisədən dərhal sonra dövlətin ali şəxsi səviyyəsində terakt qınandı, Rusiya dövləti və xalqı ilə həmrəylik ifadə edildi və s.

İndiki durum 2000-ci illərin ikinci yarısında Rusiyada aparılan antimiqrant kampaniyasını andırır. Azərbaycan ali rəsmi səviyyədə yetərincə ciddi addımlar atsa da, qeyri-rəsmi qurumların addımları adekvat deyildi. O kampaniyanın əsas hədəfi əslində gürcü diasporu idi, ancaq gürcü kilsəsinin və digər vətəndaş cəmiyyətı təsisatlarının aktivliyi sayəsində Rusiyadakı gürcü icması qorundu, təəssüf ki, bizim dini və digər qeyri-rəsmi qurumların eyni fəallığını müşahidə etmədik.

Sabah eyni hallar yenə təkrarlana bilər. Azərbaycanın və azərbaycanlıların hədəfə gəlməməsi üçün bütün qurumların fəallığı və həssaslığı lazımdır. Həssaslıq deyəndə, bəzilərinin etdiyi kimi, Avropanı, Ukraynanı ya tacikləri söymək yarışına çıxmağı nəzərdə tutmuram. Rusiyadakı müəyyən dairələrin sözçüsü hesab edilən Vladimir Solovyovun informasiya təxribatlarına qarşı Mətbuat Şurasının sərgilədiyi sağlam vətənpərvər mövqe təqdir olunmalıdır. İndi oralarda islamofob, antiqafqazlı, antitürk, antiasiyalı çağırışlarının bizi hədəfə almaması üçün dini qurmların da, diasporun da, vətəndaş cəmiyyəti təsisatlarının da belə fəal olması lazımdır.

Lakin bu zaman ifrat yanaşmalardan, şişirtmə rəqəmlərdən də qaçmaq gərəkdir. Rusiyada böyük azərbaycanlı icması var, sayları rəsmən açıqlanandan çoxdur, ancaq 4 milyon deyil. Belə şişirtmələr Rusiya-Azərbaycan dostluğuna xidmət etmir, məqsəd bizim ictimai rəyi basqı altında saxlamaqdır...

Cəmaləddin Quliyev

visiontv.az