Bu gün müsəlmanların on ikinci imamının doğum günüdür
29.03.2021

Hicri qəməri təqvimi ilə şaban ayının 15-i on ikinci imam həzrət Höccət ibnil-Həsən əl-Məhdinin (ə) mövlud günüdür. Bütün müsəlman məzhəbləri və firqələri qiyamət günü çatmamış İmam Mehdinin (ə) zühur edəcəyi və dünyanı ədalətlə təmin edəcəyini qəbul edir və buna inanır.

“Sahibəzzəman”, “Vəliyyi-əsr”, “Vəd edilmiş Mehdi”, “Höccət” 12-ci imamın ən məşhur ləqəblərindəndir.

Bir çox hədislərdə qeyd edilir ki, imamın gəlməsini gözləmək və onun arzusunda olmaq özü ibadət hesab edilir. Onun zühuru üçün hər bir inanclı birinci növbədə, özlərini və cəmiyyətlərini islah etməli və bundan sonra onun gəlişini gözləməlidir.

Bundan savayı imamın doğulduğu gecənin yəni şaban ayının 15-nin xüsusi özəllikləri var ki, digər günlərdə yoxdur. Tövsiyə olunur ki, bu gecə gecə insan qüsl etsin, əhya saxlayıb, gecəni səhərədək oyaq qalsın və imkan daxilində ilahi övliyaları ziyarət etsin.

İmam Baqirdən(ə) bu gecənin fəziləti haqqında soruşulduqda o həzrət(ə) belə buyurub: "Bu gecə qədr gecələrindən sonra ən fəzilətli gecədir. Allah-Taala bu gecədə bəndələrinə fəzl(və bərəkət) əta edir və onların günahlarını öz kəraməti ilə bağışlayır. Belə isə Allaha yaxınlaşmaq üçün çalışın. Allah-Taala öz müqəddəs Zatına and içib ki, həmin gecəni dərk edəni öz dərgahından əli boş qaytarmayacaqdır".

Bildirək ki, bəzi müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da İmamın doğum günü qeyd edilir.