Bəşər Əsəd hakimiyyəti uşaqları "oğurlamaq" üçün beynəlxalq təşkilatdan necə istifadə edib
13.10.2025

Rim əl-Kari və onun əmisi qızı Lama masanın üzərinə sərilmiş onlarla uşaq şəklini gözdən keçirirlər. Lama Rimin itkin düşmüş oğlu Kərimə bənzəyən bir uşaq gördüyünü düşünür. Kərim iki yaş yarımlıq olanda yoxa çıxıb: 2013-cü ildə Suriyanın vətəndaş müharibəsi zamanı atası ilə birlikdə evdən çıxarkən itib. O, Əsəd diktaturasının 10 ay əvvəl süqutundan sonra hələ də itkin sayılan 3 700-dən çox uşaqdan biridir. İndi onun 15 yaşı olar. "Gözləri yaşıl rəngdədir?" – masanın arxasındakı kişi soruşur.

Bu şəxs 2013-cü ildə sabiq birinci xanım Əsma əl-Əsədin köməkliyi ilə yaradılmış Lahan Al Hayat adlı suriyalılar tərəfindən idarə olunan uşaq sığınacağının yeni müdiridir.

O, qadınların seçdiyi şəkillərdən birinə baxaraq onu Kərim-in iki yaşlı şəkliylə müqayisə edir.

"Bəli," – deyə cavab verirlər.

"Saçlarının çıxma xətti…" – kişi düşünür. "Bənzərlik var, amma…" Səsi yavaş-yavaş kəsilir. Tapşırıq olduqca çətindir.

"Lahan Al Hayat" 2011–2024-cü illərin vətəndaş müharibəsi dövründə valideynləri həbs edilən uşaqları saxlamaq üçün istifadə olunan bir neçə Suriya uşaq müəssisəsindən biridir.

Uşaqlar qohumlarına verilmək əvəzinə yetimxanalarda saxlanılır və siyasi alət kimi istifadə olunurdu.

Bəzi hallarda uşaqlar saxta şəkildə yetim kimi qeydə alınır və ya onların şəxsiyyətləri dəyişdirilirdi ki, bu da həmin vaxt və indi onları tapmağı daha da çətinləşdirib.

Əsədin diktaturası dekabrda qəfil süqut etdikdə, jurnalistlər, fəallar və ailələr on illərlə davam edən hakimiyyət dövründə əlçatmaz olan mənbələrə, məkanlara və sənədlərə çıxış əldə etdilər.

BBC World Service araşdırmaçı media təşkilatı olan Lighthouse Reports və digər beş nəşrlə birlikdə Suriya rejiminin qohumlarından gizlətdiyi 323 uşağın məlumat bazasını qurdu.

Biz bunu minlərlə sızdırılmış və toplanmış sənədləri nəzərdən keçirərək və onların orijinallığını təsdiqləyərək etdik.

Bu sənədlərin təhlili göstərir ki, yetimxanaları idarə edən təşkilatlar arasında uşaqların çoxunu qəbul edən qurum Avstriyada yerləşən xeyriyyə təşkilatı - SOS Beynəlxalq Uşaq Kəndləri olub.

SOS 130-dan çox ölkədə fəaliyyət göstərir və hər il təxminən 1,6 milyard avro (1,9 milyard dollar) vəsait toplayır; vəsait BMT-dən, Avropa hökumətlərindən və şəxsi ianələrdən gəlir.

Biz 50-dən çox SOS əməkdaşı ilə danışdıq.

Onların bir neçəsi bildirdi ki, Suriyadakı SOS-un yüksək vəzifələrinin əksəriyyəti birbaşa Əsəd sarayı tərəfindən təyin edilmişdi və insan haqlarının pozulmasına görə Aİ və Britaniya tərəfindən sanksiyaya məruz qalan Əsma əl-Əsədin təşkilatda təsirli rolu vardı.

Bizə, həmçinin deyildi ki, bu humanitar təşkilat "daha çox maliyyə əldə etmək üçün vəziyyətindən asılı olmayaraq hər bir uşağı" qəbul etməyə başlamışdı.

SOS isə buna cavab olaraq bildirdi: "Biz yetimlərin sayını artırmaq üçün maliyyə mükafatı təklif etmirik" və qurum xeyriyyə təşkilatı ilə Əsəd ailəsi arasında hər hansı rəsmi əlaqənin mövcudluğunu inkar etdi.

1999-cu ildə Avstriyada SOS Beynəlxalq Uşaq Kəndlərinin 50 illik yubileyini qeyd etmək üçün tədbir keçirildi – bu xeyriyyə təşkilatı hazırda 130-dan çox ölkədə fəaliyyət göstərir.

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,1999-cu ildə Avstriyada SOS Beynəlxalq Uşaq Kəndlərinin 50 illik yubileyini qeyd etmək üçün tədbir keçirildi – bu xeyriyyə təşkilatı hazırda 130-dan çox ölkədə fəaliyyət göstərir.

SOS artıq daxili araşdırmadan sonra etiraf edib ki, 2013–2018-ci illər arasında lazımi sənədləri olmayan 140 uşaq SOS Suriya tərəfindən qəbul edilib.

Qurum bildirib ki, bu uşaqlardan 104-ü sonradan Suriya kəşfiyyat xidməti və ya Sosial İşlər Nazirliyi tərəfindən geri alınıb və SOS onların sonrakı taleyi barədə heç bir məlumata malik deyil.

Xeyriyyə təşkilatı, həmçinin 2018-ci ildən etibarən, siyasi məhbusların uşaqlarını qəbul etməyi dayandırdığını bildirib.

Lakin biz 2022-ci ilə qədər uşaqların SOS-a verildiyini göstərən sənədləri görmüşük.

  • Biz, həmçinin SOS Suriya ilə bağlı müəyyən etdik: Əsəd hökuməti və ya kəşfiyyat xidmətləri uşaqların onlara geri göndərilməsini tələb etdikdə, onların sonrakı taleyi ilə kimin məşğul olacağını yoxlamırdı.
  • Şəxsi məlumatlarının dəyişdirildiyi məlum olan uşaqları qəbul etmişdi və bir halda, SOS-un özü himayəsində olan uşağa rəsmi şəkildə başqa ad vermişdi.
  • Suriya kəşfiyyatının göstərişlərinə əməl edərək qohumlara uşaqları ziyarət etmək, himayəyə götürmək və ya onlar barədə məlumat almaq icazəsi vermirdi.
  • İşçilərə uşaqlara ailələrinin şəkillərini göstərmək və ya onlar barədə danışmaq qadağan edilmişdi.
  • Rejim devrildikdən sonra uşaqlarını tapmağa kömək edə biləcək məlumat axtaran analarla əlaqə qurmaqda ləngiyir və ya ümumiyyətlə bunu etmirdi.

SOS International bizə bildirdi:

"Uşaqların ailələrindən zorla ayrılmasından və ailələrin illərlə uşaqlarının harada olduğunu bilməməsindən dərin təəssüf edirik. Bu, heç vaxt baş verməməli idi və biz müstəqil araşdırmalardan öyrənməyə və gələcəkdə daha yaxşı işləməyə sadiqik".

Təşkilatın müvəqqəti baş direktoru Benoît Piot bizimlə müsahibəsində əlavə etdi ki, xeyriyyə təşkilatı Əsədin "terror sistemi" adlandırdığı Suriya hökumətinin əmrlərinə əməl edirdi.

SOS Beynəlxalq Uşaq Kəndləri - Böyük Britaniya bu araşdırmanın dərcindən sonra verdiyi bəyanatda bildirdi ki, Suriyadakı SOS Uşaq Kəndləri ilə bağlı iddiaların miqyası onları dəhşətə gətirib.

Bir çox valideyn hələ də övladlarına nə oldugunu bilmir.

Suriyanın itkin düşmüş uşaqları ilə bağlı saxtalaşdırılmış və itmiş sənədlərin labirinti sağ qalan anaları və ataları hər hansı məlumat tapmaq üçün bir müəssisədən digərinə getməyə məcbur edir.

Bura oğlu Kərimi axtaran Rim də daxildir.

Onun oğlunun SOS tərəfindən, yoxsa Suriyada məhbusların uşaqlarını qəbul edən digər hansısa qurum tərəfindən aparıldığını öyrənməsi mümkün deyil.

Lakin o düşünür ki, əri varlıydı və bu da onu risk altında qoyurdu: ola bilsin, kasıblamış Əsəd rejimi onu həbs edib, uşağı da uşaq evinə göndərib.

Rimin itkin düşən əri Usama Turjman və onların oğlu Kərim

ŞƏKLİN MƏNBƏYİ,REEM AL-KARI

Şəklin alt yazısı,Rimin itkin düşən əri Usama Turjman və onların oğlu Kərim

Lahan Al Hayat-dan ümidini kəsənə qədər Rim əvvəlcə Suriyanın Sosial İşlər Nazirliyinə müraciət etmişdi.

Orada ona bildiriblər ki, nazir ölkə xaricindədir, itkin düşənlərlə bağlı işlərə cavabdeh olan müdir məzuniyyətdədir və nəhayət, itkin uşaqlarla bağlı işlərin nazirliyin beşinci mərtəbəsində yerləşən təhlükəsizlik qurumuna ötürüldüyü deyilib.

Rim BBC çəkiliş qrupu ilə birlikdə yuxarı qalxıb. Çəkiliş aparmaq üçün icazəmiz olmasına baxmayaraq, bizə dərhal çəkilişi dayandırmaq əmri verildi və nazirlik Rim-ə əlavə yardım göstərməkdən imtina etdi.

Nazirlik may ayında əvvəlki rejim dövründə uşaqların taleyi ilə bağlı yeni araşdırma elan etdi.

Lakin bu araşdırma üçün məhdud sayda işçi və resurslar ayrılıb, minlərlə sənədin yoxlanılmasına cəmi bir neçə könüllü cəlb edilib və hələlik heç bir nəticə açıqlanmayıb.

Daha sonra Rim Kərim yaşında olan oğlanları qəbul etməsi ilə tanınan başqa bir yetimxanaya getdi.

Telefonundan oğlunun şəklini açaraq müəssisənin direktoruna göstərdi. Qadın, sadəcə, sakitcə başını yellədi. Rimin gözləri doldu: bu, onun soyuqqanlılığını pozan nadir anlardan biri idi.

Sonda o, yaxın vaxtlara qədər Əsədin yaxın köməkçisinin qızı Samar Daaboulun rəhbərlik etdiyi SOS Suriya müəssisəsinə baş çəkdi. Samar Daaboul ailə əlaqələrinin onun işinə təsir göstərdiyini inkar etdi.

Rimdən Kərim-in doğum tarixi soruşuldu, lakin o, qeydiyyat məlumatlarının tez-tez dəyişdirildiyini nəzərə alaraq, bu məlumatın faydalı ola bilməyəcəyini qeyd etdi. Əvəzində o, SOS-un qəbul etdiyi uşaqların şəkillərinə baxmaq istədi. Lakin gizlilik səbəbi ilə buna icazə verilmədi.

Bir neçə həftə sonra Rim SOS International-dan bir e-mail aldı. Orada bildirildi ki, xeyriyyə təşkilatı altı ay ərzində ona cavab verəcək və həmçinin onun təzəcə baş çəkdiyi SOS Suriya ilə birbaşa əlaqə saxlamasını tövsiyə etdi.

Danışdığımız digər valideynlər də SOS-a müraciət etdikdən aylar keçsə də, hələ də cavab almadıqlarını bildiriblər.

Biz SOS Uşaq Kəndlərinin müvəqqəti baş direktoru Benoît Piot-dan Sosial İşlər Nazirliyinin sənədlərində 2022-ci ilə qədər uşaqların SOS-a verildiyini göstərən məlumat barədə soruşduq.

Vyanadakı komandanın bundan "xəbəri yox idi", o əlavə etdi ki, uşaqların "zorla [SOS]-a verilməsi" ilə bağlı başladılan xarici araşdırma "həqiqətə işıq salacaq" və SOS bu məlumatı nəzərə alaraq araşdırma aparacaq.

Biz, həmçinin qeyd etdik ki, SOS hələ də insan haqlarının pozulduğu digər ölkələrdə fəaliyyət göstərir. Cənab Piot bildirdi ki, SOS International üzvlərinə belə bir tövsiyə verir: "Əgər uşaqlar pis səbəblərə görə ailələrindən ayrılıbsa, onları qəbul etməyin".

"Biz proqramımıza qəbul edilən uşaqların beynəlxalq standartlara uyğun olmasına əmin oluruq", - o əlavə etdi.

SOS International-ın müvəqqəti baş direktoru Benoît Piot bildirir ki, Əsədin hökuməti "terror sistemi" idi.

ŞƏKLİN MƏNBƏYİ,JESS KELLY / BBC

Şəklin alt yazısı,SOS International-ın müvəqqəti baş direktoru Benoît Piot bildirir ki, Əsədin hökuməti "terror sistemi" idi.

50-dən çox keçmiş və hazırkı SOS əməkdaşı, o cümlədən SOS-un Vyana baş qərargahından dörd yüksək vəzifəli rəhbər BBC və onun araşdırma tərəfdaşları ilə danışıb.

Onlar Suriyada məhbusların uşaqlarının qəbul edilməsi ilə bağlı SOS-un məlumat verənlərindən aldığı çoxsaylı siqnallara cavab olaraq, xeyriyyə təşkilatının çox az və ya ləng hərəkət etdiyini təsvir edirlər.

"SOS Suriya bu məsələləri SOS-un baş qərargahı ilə qaldıranda… yüksək vəzifəli rəhbərlər detalları bilmək istəmirdilər və konkret tədbir görməkdən və məsuliyyətdən yayınırdılar",- adının gizli qalmasını istəyən SOS International-ın keçmiş yüksək vəzifəli rəhbərlərindən biri bildirib.

SOS International-ın başqa bir yüksək vəzifəli əməkdaşı isə deyib ki, "uşaqların müdafiəsi ilə bağlı problemlərin həlli və uğursuzluqlara qarşı mübarizə" ilə bağlı təzyiq "aşağıdan yuxarıya" olmalı idi.

"Uşaqların müdafiəsi üçün SOS Uşaq Kəndlərində çoxlu siyasət və prosedurlar var, amma beynəlxalq səviyyədə uyğunluğa nəzarət və onun icrasına kifayət qədər resurs ayrılmayıb", - o əlavə edib.

SOS Suriya yetimxanalarından birinin keçmiş rəhbəri isə iddia edib ki, uşaqların qəbuluna dair qərarlar maliyyə hədəflərindən təsirlənirdi.

"Uşaqların təhlükəsizliyi, qəbul və ailələrə qaytarılma ilə məşğul olan komandanın standartları zəif idi. SOS International-ın donorlar üçün müəyyən etdiyi ümumi hədəflər vardı. Əvvəlcə buna çata bilmədilər, sonra isə rəqəmləri tamamlayıb maliyyələşməni saxlamaq üçün istənilən uşağı qəbul etməyə başladılar".

Rimdən fərqli olaraq, Omama Qbəis sonradan övladlarına qovuşa bildi. Lakin o deyir ki, qardaşının humanitar fəaliyyətinə görə həbsdə olduğu müddətin ilk iki ilində uşaqlarının harada olduğunu bilmirdi.

Omama deyir ki, uşaqlarının yaşadıqlarına görə bu humanitar təşkilatı bağışlaya bilmir və danışdığımız digər ailələr də SOS ilə bağlı oxşar təcrübələri bölüşüblər.

Onun qızları Layla və Layan dörd və səkkiz yaşlarında SOS Suriya tərəfindən qəbul edilmişdilər.

ŞƏKLİN MƏNBƏYİ,GHBEIS FAMILY

Şəklin alt yazısı,Onun qızları Layla və Layan dörd və səkkiz yaşlarında SOS Suriya tərəfindən qəbul edilmişdilər.

O deyir ki, qohumları qızları ilə əlaqə saxlamağa çalışsalar da, bunun "qadağan" olduğunu deyiblər. O əlavə edir ki, qızlara ailələri haqqında danışmağa və ya onların şəkillərinə baxmağa icazə verilməyib.

Və Layla deyir ki, bir dəfə ailəsi üçün çox darıxdığı vaxt SOS işçisi, rəsmi olaraq "qadağan edilsə" də, ona Facebook-da şəkillərini göstərib,

O əlavə edir ki, digər qızına da başqa ad verilmişdi.

"Və onlar Layanı 'Layal' adlandırırdılar. Layal Mossab", - Omama deyir.

"Mən bunun sadə bir səhv olduğuna inanmıram".

BBC və bu araşdırmada iştirak edən tərəfdaşlar təsdiq ediblər ki, Suriya kəşfiyyatının sənədlərində Layan "Layal Mossab" adı ilə qeyd edilib.

Qızlara anaları həbsə atıldıqdan iki il sonra, məhbus mübadiləsi çərçivəsində azadlığa buraxılmağa hazırlaşdığı bir vaxtda onu ziyarət etməyə icazə verilib. Amma həmin məqamda, Omamanın dediyinə görə, Layan anasını tamamilə unutmuşdu və görüşəndə yaxına getməyə çəkinmişdi.

"Hətta həbsxana mühafizəçiləri də göz yaşlarını saxlaya bilmirdilər", - Omama bizə deyir.

Ailə, nəhayət üç ildən sonra birləşəndə, onların uzun ayrılığı aralarında bir məsafə yaratmışdı. Omama əlavə edir:

"Hər birimiz fərqli bir dünyadan gəlmişdik".

Omama qızlarından uzaq qaldığı üç ildə SOS Suriya-nın oynadığı rola görə hələ də qəzəblidir.

"Mən bilirəm ki, SOS xaricdən maliyyələşən humanitar təşkilatdır. Yəni onun gücü var. Bu, rejim tərəfindən yaradılan bir təşkilat deyil. Onların məhbusların uşaqlarının yoxa çıxmasına ortaq olması… bağışlanmazdır", - o deyir.

Rim üçün isə Kərimin axtarışı hələ də davam edir. Elə qəzəbi də.

Rim hələ də indi 15 yaşı olan oğlunu axtarır.

ŞƏKLİN MƏNBƏYİ,JESS KELLY / BBC

Şəklin alt yazısı,Rim hələ də indi 15 yaşı olan oğlunu axtarır.

"Azadlıqdan altı ay keçib, amma uşaqlarını axtaran analar üçün hələ də aydın bir yol yoxdur," - o deyir.

SOS Children's Villages International bildirir ki, uşaqların həbsdə saxlanılması ilə bağlı məlumatlar ictimaiyyətə açıqlanandan sonra donorların əksəriyyətinin SOS Suriya üçün maliyyələşdirməni dayandırmasına baxmayaraq, "SOS Suriya-nı qarşıdakı illərdə də fəaliyyət göstərməkdə davam etdirməyi və hazırda himayəmizdə olan uşaqlar üçün əsas xidmətlərin davamlılığını təmin etməyi" hədəfləyirlər.

Təşkilat əlavə edib ki, xeyriyyə təşkilatı ilə Əsma əl-Əsəd arasında hər hansı qeyri-rəsmi əlaqənin olub-olmamasını araşdırır, lakin rəsmi bir əlaqənin mövcudluğunu inkar edir.

SOS Suriya-nın İdarə Heyətinin keçmiş sədri Samar Daaboul 2025-ci ilin may ayında istefa verib.

O, ailə əlaqələrinin onun işinə təsir göstərdiyini inkar edib və Əsma əl-Əsədin SOS-u yalnız bir dəfə ziyarət etdiyini bildirib.

O vurğulayır ki, onun işi "həmişə dürüstlük və peşəkarlıqla, uşaqların maraqlarına xidmət edərək" həyata keçirilib.

Suriyanın Sosial İşlər və Əmək Nazirliyi bizim komandanın şərh almaq tələbinə cavab verməyib.

Nazirlik may ayında Əsəd ailəsi dövründə uşaqlara nə olduğunu araşdırmaq üçün yeni Birgə Nazirlər Komitəsinin yaradıldığını elan edib.

Hakimiyyəti devrildikdən sonra Rusiyaya qaçan Əsəd ailəsi də bizim şərh sorğumuza cavab verməyib.

"Suriyanın Oğurlanmış Uşaqları" Lighthouse Reports, The Observer, Der Spiegel, SIRAJ, Trouw və Women Who Won the War ilə birgə layihənin bir hissəsidir.

Haya Al Badarneh & Jess Kelly BBC Eye Investigations

visiontv.az