“Baza xətləri: Xəzərdə sərhədlərin müəyyən edilməsində İran üçün açar”
18.09.2025

“Arman Daily” saytı yazıb ki, bu günlərdə Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin – Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistanın nümayəndələrinin iştirakı ilə Xəzər dənizi üzrə İşçi Qrupun 11-ci iclası keçirilib.

Toplantı Xəzərin hüquqi statusu, sərhədlərin müəyyənləşdirilməsi və dəniz resurslarının bölüşdürülməsi kimi həssas məsələlərin müzakirə edildiyi mühüm regional sammitlərdən biri hesab olunur. İclasda İran nümayəndə heyətinə ölkənin XİN rəhbərinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi rəhbərlik edib.

İclasın əsas müzakirə mövzularından biri – başlanğıc (baza) xətləri ilə Xəzərdəki sərhədlərin necə müəyyən ediləcəyi olub. Bu xətlər Xəzərin təbii ehtiyatlarının bölünməsi baxımından əsas hüquqi baza kimi çıxış edir.

İran tərəfi sammitdə bir daha vurğulayıb ki, resursların bölgüsü ədalətli olmalı və Xəzərin hər bir sahilyanı ölkəyə 20 faiz bərabər pay əsasında bölünməsi prinsipinə əsaslanmalıdır.

Danışıqlarda yekun razılaşma əldə edilməsə də, nümayəndələr arasında mövqelərin yaxınlaşdığı qeyd olunub. Toplantıda həmçinin Xəzər dənizinin səviyyəsinin azalması, iqlim dəyişikliyi və ekoloji tarazlığa təsir edən faktorlar da müzakirə edilib.

Sammitin əsas məqsədi Xəzər dənizində hüquqi və iqtisadi əməkdaşlığı möhkəmləndirməklə yanaşı, dənizi regional sabitlik və inkişaf platformasına çevirmək olub.

visiontv.az