Baş nazir: Niyyətimiz, amalımız Türkiyə-Azərbaycan qardaşlığının inkişaf etməsidir
08.05.2024

44 günlük Vətən müharibəsində Azərbaycanın haqq işinə dəstək verdiyinə görə başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla, bütün Türkiyənin dövlət xadimlərinə, türk xalqlarına təşəkkür edirik.

Bunu Baş nazir Əli Əsədov Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonrakı mətbuat konfransında deyib.

Baş nazir bildirib ki, hazırda azad edilmiş bölgələrdə gedən bütün işlər qardaş Türkiyənin iş adamları ilə birgə aparılır: “Bizim niyyətimiz, amalımız birdir. Bu da ondan ibarətdir ki, Türkiyə-Azərbaycan qardaşlığı inkişaf etsin. Bu gün imzalanan protokol əməkdaşlığımızın bütün sahələrini əhatə edir. Əminəm ki, ötən dövr ərzində olduğu kimi hökumətlərimiz bundan sonra da imzalanan sənədlərin icrası üçün səylərini birləşdirəcək”.

Əli Əsədov qeyd edib ki, Azərbaycan və Türkiyə arasında bütün məsələlər üzrə anlayış mövcuddur.

O qeyd edib ki, iki ölkə iqtisadi əməkdaşlıq potensialını daha da möhkəmləndirməlidir. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 7,65 milyard dollar həcmindədir, ölkə başçılarının hədəf olaraq göstərdiyi 15 milyard dollarlıq ticarət dövriyyəsinə çatmaq üçün isə işlər davam edir.

Baş nazir onu da əlavə edib ki, Azərbaycanla Türkiyə arasında müttəfiqlik ruhuna uyğun olaraq, bütün sahələr üzrə əməkdaşlıq dərinləşməyə davam edəcək.

visiontv.az