AzTU-da “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi üzrə məlumatlandırma sessiyası keçirilib
15.07.2021

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu ERASMUS+ KA2 proqramı çərçivəsində “Azərbaycanda Rektorlar konfransının yaradılması” (ECAR) layihəsi üzrə məlumatlandırma sessiyası keçirilib. Məlumatlandırma sessiyasında AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Tədris işləri üzrə prorektoru, Elm və innovasiyalar üzrə prorektoru, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, fakültə dekanları, tədris hissəsinin və digər şöbələrin əməkdaşları iştirak edib. Tədbirə layihə üzrə koordinator Gülşən Bayramova da qatılıb.

Məlumatlandırma sessiyasında çıxış edən Beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov layihənin əhəmiyyətindən, ali təhsil qurumları arasında əməkdaşlıq və şəbəkə platforması rolunu oynayacaq Rektorlar Konfransının qurulması mexanzmindən və Azərbaycanda ali təhsilin inkişafına verə biləcəyi tövfələrindən bəhs edib.

Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli Rektorlar Konfransı üzrə Avropa təcrübəsinin Azərbaycanda tətbiqini ali təhsil sahəsinə fayda gətirəcək layihə kimi qiymətləndirib. O, Azərbaycanda belə bir platformanın olmasının zəruriliyini bildirib.

Elm və İinnovasiyalar üzrə prorektor Çətin Elmas və Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Kamran Rəsulov layihənin uğurla həyata keçirilməsi üçün təklif və tövsiyələrini qeyd edib.

Daha sonra Xarici əlaqələr şöbəsinin layihələr və mübadilə proqramları üzrə baş mütəxəssisi Mətanət Paşayeva layihənin tərəfdaşları, komponentləri, onun nəticələri və uzunmüddətli baxışda təsirləri haqqında ətraflı təqdimatla çıxış edib. Xarici əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah layihə çərçivəsində görülən işlər barədə məlumat verib.

Məlumatlandırma sessiyasında layihənin fəaliyyətinin səmərəli qurulması istiqamətində tövsiyyə və təkliflər təqdim edilib.