Azəri balası Robert
31.05.2026

Məlum olduğu kimi, gələn ay Ermənistanda parlament seçkiləri gözlənilir. Azəri balası Robert artıq ayaqlarını əlinə alıb, “start”da dayanıb və Moskvadan “marş” gözləyir. Bəli, bəli, dostlar Ermənistanın əski prezidenti, Putinin nökəri, hazırkı baş nazir Nikol Paşinyanın əsas rəqibi Robert Koçaryan azəri balasıdır, anası erməni olsa da, atası azərbaycanlıdır. Yeri gəlmişkən, erməni saytları bu faktı seçkidən-seçkiyə tirajlayır. Bu əhvalatı köhnə Daşkəsən əhli bilir, mən də onların dilindən danışıram...

Deməli, Robert 1954-cü ildə avqustun 21-də Azərbaycanın Daşkəsən şəhərində doğulub. Anası Emma Oqanyan Daşkəsənin keçmiş Şarukan kəndindəndir. Kənd şəhərin aşağı tərəfindədir, yolun kənarında yerləşir. Kəndin ibtidai sinif müəlliməsi Emma gözəgəlimli, “əndamı yanmış” olub. Bunu Daşkəsənin maarif müdiri (milliyətcə azəri, əslən gəncəlidir, adını çəkmək istəmirəm) hamıdan əvvəl görüb, gənc və gözəl müəlliməni 1952-ci ildə Daşkəsən şəhər məktəblərindən birinə dəvət edib. Bəli, bizim azərilər belədirlər, gözəlliyin kənddə solmasını istəmirlər. Həm də o vaxtlar dəb idi, hər pullu kişinin bir-iki erməni arvadı olmalı idi...

Qərəz, Emma Oqanyan Daşkəsən şəhər məktəbində müəllimə işləyir, şəxsən onun üçün bina evində alınmış mənzildə yerləşir. Maarif müdiri təbii ki, gənc müəllimənin taleyinə biganə qala bilmir, tez-tez ona baş çəkir, bəzən gecələr də keşik çəkir. Beləliklə, gələcək Ermənistan prezidenti Robert Koçaryanın azəri təməli qoulur. Amma “Müqəddəs ruh”, “müqəddəs Məryəm” nağılları keçmişdə qalmışdı və həmin dövrdə bu məsələlərə artıq Rayon Partiya Komitəsi baxırdı. Maarif müdiri “müqəddəs Məryəm”ə təcili bir ər tapır və bu, Maarif idarəsinin çolaq sürücüsü Sedrak Koçaryan olur. Gələcək Ermənistan prezidenti də bu kişinin soyadını daşıyır...

Amma daşın, divarın da qulağı var deyirlər, məsələ Rayon Partiya Komitəsinə çatır. Rayonun 2-ci katibi (milliyətcə azəri, əslən Ermənistanlıdır, adını çəkmək istəmirəm) əvvəl gənc müəllimə Emma Oqanyanı yanına çağırtdırır. “Əndamı yanmış” yaşlı katibi də başdan (baş varsa, deyirəm) çıxarır. Yaşlı katib gənc müəlliməni “anormal həyat tərzi” keçirməkdə ittiham edir, işdən qovmaqla hədələyir. Gənc müəllimə ağlayır, hər şeyi danışır, katibin diqtəsi ilə bir ərizə də yazır. Aydın olur ki, maarif müdiri kommunistə yaraşmayan addım atıb, gənc müəlliməni yoldan çıxarıb...

Səhərisi gün maarif müdiri Rayon Partiya Komitəsinə dəvət olunur və məsələdən agah olur. Onun öz ərizəsi ilə işdən çıxmaqdan başqa çarəsi qalmır. Sakitcə Gəncəyə, öz ailəsinin və iki oğlunun yanına qayıdır. Deyirlər həmin qardaşlar sağ-salamatdır və bir şəklin iki surəti kimi Robertə oxşayır. Emma Oqanyanın həyatında isə yeni bir “katib dövrü” başlayır. Hətta əri Sedak da vəzifəyə qoyulur, qaraj müdiri təyin olunur. Emmanın “katib dövrü” 80-lərin axırlarına, erməni - azəri qarşıdurması başlanana qədər davam edir. 88 - 89 cu illərdə Emmanın ailəsi katibin əli və köməyi ilə Daşkəsəni tərk edir, Dağlıq Qarabağa, Xankəndinə köç edir. Burda Robert Koçaryanın yeni, erməni həyat dastanı yazılır...

Dostlar, bu yeni həyat dastanı ilə “Vikipediya” İnternet ensiklopediyasında, “Robert Koçaryan” bölməsində tanış ola bilərsiniz...

Qalib ARİF

visiontv.az