Azərbaycanın çoxtərəfli diplomatiyası: beynəlxalq səhnədə rolunu gücləndirmək, qlobal iqtisadiyyatda daha geniş iştirak etmək
26.10.2024

Kazanda gerçəkləşdirilən XVI BRICS sammiti dünyada getdikcə artan geosiyasi ziddiyyətlər fonunda diqqəti öz üzərinə cəlb edə bildi. Çünki təkqütblü dünyaya qarşı alternativ gücün formalaşmağa başlaması cəhdləri getdikcə artır.

Reallıq bundan ibarətdir ki, bü gün dünya Qərbin hegemonluq etdiyi qurumlardan gözlədiyi ədaləti əldə edə bilmir. İkili standtarlar, islamofobiya, ayrı-ayrı ölkələrin daxili işlərinə kobud müdaxilə, müxtəlif münaqişələrə ədalətsiz yanaşmalar və bu kimi digər məsələlər ənənəvi təşkilatlara, qurumlara olan inamı kökündən sarsıdıb. Belə bir mühitdə BRİCS daha çox diqqəti cəlb etməyə başlayıb.

Sammitə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətlərinin, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreşin qatılması təkcə quruca statistika deyil. Bu artıq yeni güc mərkəzinin meydanda olmasının bariz göstəricisdir. Builki sammitin əsas müzakirəsinin “Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliyin gücləndirilməsi” mövzusu üzrə aparılması bu baxımdan diqqətçəkicidir.

Rusiya, Çin, Braziliya, Hindistan və Cənubi Afrikanın təmsil olunduğu BRİCS-in genişlənməsi, yeni üzvlərin qəbul edilməsi, daha böyük beynəlxalq təşkilata çevrilməsi bu gün daha real görünür. İran, Türkiyə, Misir və digər ölkələrin iştirak etdiyi BRİCS artıq fərqli nüfuzda və imkanlarda ortaya çıxır. Yəni, qarşıdakı dönəmdə onun beynəlxalq arenada populyarlığının artacağı, çoxqütblü dünya nizamının qurulmasında mühüm rol oynayacağı ehtimalı güclənir.

Bu və sadalamadığımız digər mühüm amillər “BRICS+” və "Outreach" formatlarında sammitə qoşulan, bu qurumun üzvü olmaq istəyini ifadə edən Azərbaycanın mövqeyinin doğru olduğunu təsdiqləyir.

Bəllidir ki, Azərbaycan multilateralizm prinsipini əsas götürərək çoxtərəfli diplomatiya həyata keçirir. Azərbaycan beynəlxalq əməkdaşlığı, sülhü və inkişafı təşviq edən, eyni zamanda qlobal problemlərin (məsələn, iqlim dəyişikliyi, ticarət, təhlükəsizlik) daha effektiv həllini təmin etməyə mühüm töhfələr verən dövlət kimi tanınır. Ölkəmizin yürütdüyü siyasət, ayrı-ayrı təşkilatlar çərçivəsində ortaya qoyduğu mövqe bunun isbatıdır. Eləcə də 120-dən artıq dövləti özündə birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dönəmdə bunu əməli şəkildə ortaya qoyub. Azərbaycan Qoşulmama Hərəkatının 2019-cu ildən etibarən sədri olaraq, hərəkatın məqsədlərini və prinsiplərini gücləndirməkdə mühüm rol oynadı. Sədrlik dövründə bir sıra mühüm təşəbbüslərlə Qoşulmama Hərəkatının daha aktiv fəaliyyətinə nail oldu. Müxtəlif beynəlxalq məsələlərdə, o cümlədən iqlim dəyişikliyi, qlobal sağlamlıq, təhlükəsizlik və iqtisadi inkişaf sahələrində dialoqu genişləndirmək üçün şoxsaylı tədbirlər keçirdi, üzv ölkələr arasında iqtisadi əməkdaşlığı artırmaq, qlobal iqtisadi vəziyyət və COVID-19 pandemiyasının yaratdığı çağırışlara cavab vermək üçün üzv ölkələrin birgə fəaliyyətini təşviq etdi və başqa bir sıra mühüm təşəbbüsləri gerçəkləşdirdi.

Bu gün Azərbaycanın, eyni zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi multilateralizm prinsipi ilə addımlar atdığını, çoxtərəfli diplomatiyanı reallaşdırdığını əyani şəkildə təsdiq edir. Qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulan, dünya iqlim diplomatiyasını da aktiv şəkildə formalaşdıran Azərbaycan Qlobal Cənub və Qlobal Şimal ilə uğurlu dialoq aparır. Yeri gəlmişkən, BRICS üzvü olan ölkələrin dövlət başçıları COP29-un Bakıda keçirilməsinə birmənalı şəkildə dəstəklədiklərini bildiriblər. BRICS sammitinin Yekun Bəyannaməsində COP29-un Bakıda uğurla keçirilməsinə sadiqlik ifadə olunur: “Biz Azərbaycanda Konfransın uğurla keçirilməsinə sadiqik və təsirlərin yumşaldılması, uyğunlaşdırılması, itkilərin və zərərin bərpası sahələrində milli səviyyədə müəyyən edilmiş cari və gələcək fəaliyyət və məqsədlərə nail olmaq üçün əsas vasitə kimi inkişaf etməkdə olan ölkələr üçün iqlimin maliyyələşdirilməsi üzrə mənalı nəticələr gözləyirik”.

Beləliklə, Azərbaycan Qlobal Cənub və Qlobal Şimal arasında uğurlu dialoq qurur, əməkdaşlıq həyata keçiir. Ölkəmiz həm Qlobal Cənub, həm də Qlobal Şimal ölkələri ilə birgə işləyir, müxtəlif problemlərin müzakirəsi üçün etibarlı platforma yaradır. Bu konteksdə həm də BRİCS ölkələri ilə dialoq aparılır və əməkdaşlıq həyata keçirilir.

Azərbaycanın digər təşkilatlarla əməkdaşlıq etməklə yanaşı, BRİCS-ə yaxınlaşması ölkəmizə yalnız və yalnız əlavə imkanlar vəd edir. BRİCS bir yandan iqtisadiyyatını diversifikasiya etmək və yeni bazarlara çıxmaq üçün aktiv iş aparan Azərbaycan üçün potensial ticarət və investisiya imkanları deməkdir, digər yandan isə ölkəmizə regional və beynəlxalq məsələlərdə yeni tribuna qazandırır və inkişaf etməkdə olan ölkələrlə siyasi əlaqələrini gücləndirmək imkanı yaradır. Bura Azərbaycanın BRİCS ölkələri ilə enerji sahəsində əməkdaşlığının daha da dərinləşməsi fürsətini və s. əlavə etmək olar.

Bütün hallarda BRİCS-lə əlaqələr Azərbaycanın beynəlxalq səhnədəki rolunu gücləndirmək və qlobal iqtisadiyyatda daha geniş iştirakını təmin etməyə xidmət göstərəcək.

Elman Babayev

visiontv.az