Azərbaycan vətəndaşı olmaq istəyən erməni ailəsini rus sülhməramlıları həbs etdirdi
Azərbaycan vətəndaşı olmaq istəyən erməni ailəsini rus sülhməramlıları həbs etdirdi
08.09.2021 Sahib Alıyev Tərəfindən

Demək, saytlardan birində oxuyuram ki, Şuşa işğal altında olanda orada yaşamış 32 yaşlı İzaura Balasanyan bu günlərdə 4 uşağını da yanına alaraq Rusiya hərbi kontingentinin bizim mədəniyyət paytaxtımızın yaxınlığındakı postuna gəlib və Azərbaycan vətəndaşı kimi geri dönmək istədiyini bildirib.

Rus hərbçilərinin ona cavabı isə belə olub: "Bu rüsvayçılıqdır, bu sənin xalqına şərəf gətirmir". Və hayların "milli təhlükəsizlik xidməti"nə zəng edərək "sizinkilərdən biri azərbaycanlılara təslim olmaq istəyir, gəlin aparın" deyiblər.

Onların bu davranışları da göstərir ki, məqsədləri  iki xalq arasında sülh yaratmaq deyil, "dīvide et īmpera"dır, yəni "1905-ci il"dəki üz-üzə qoymaq, "parçala və höküm" sür məntiqindən çıxış etməkdir.

Onu da deyim ki, Qarabağdakı ermənilərdən, haylar yox, məhz ermənilərdən kimlərsə Balasanyan sayaq  normal Azərbaycan vətəndaşı olaraq bu ölkədə yaşamaq yolunu seçsə, bu onlar üçün rüsvayçılıq deyil, şərəfdir. Rüsvayçılıq qərbdən və İrandan o boyda dəstək ala-ala indi Ermənistan adlanan yerdə 30 ildə dövlət qura bilməməkdir, sərhədlərini özgəsinin qorumasıdır, başqa bir dövlətdən tam vassal asılılığında olmaqdır. Bax, belə bir durum heç kimə şərəf gətirmir, o sıradan da haylara.

Millət vəkili Sahib Alıyev

Visiontv.az