“Azərbaycan-Ermənistan sazişi İran üçün məğlubiyyət idi?”
10.09.2025

“Khabar Fouri” saytı “The National News”a istinadən yazır ki, Azərbaycan və Ermənistan arasında imzalanmış yeni avtomobil və dəmir yolu şəbəkəsi barədə saziş Cənubi Qafqazda mühüm geosiyasi dəyişikliklərə yol açıb. Sazişə əsasən, Azərbaycan Ermənistanın cənubundan keçməklə Naxçıvan Muxtar Respublikasına birləşəcək.

Layihə ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənir və bu, Qərbin regionda mövqeyini gücləndirməsi kimi qiymətləndirilir. Qərb mediası sazişi bəzən “Trampın Sülh Yolu” adlandıraraq, onun həm diplomatik, həm də strateji əhəmiyyət daşıdığını bildirir. Yeni magistral və dəmir yolu xətti Azərbaycanın Türkiyə və daha geniş regionla əlaqələrini möhkəmləndirəcək, Bakı isə bu təşəbbüslə Mərkəzi Asiyaya çıxış imkanlarını artıracaq.

Ekspertlər hesab edirlər ki, layihə həm də Ermənistan üçün əhəmiyyətlidir, çünki uzun sürən gərginlikdən sonra təhlükəsizlik və sabitlik yönündə yeni imkanlar yaradır.

Məqalədə İran bu razılaşmadan narahatlığını gizlətmir. Tehran hesab edir ki, Ermənistanın cənubundan keçən marşrut İranın tranzit imkanlarını zəiflədir və regionda təsirini azaldır. İran rəsmiləri dəfələrlə ABŞ və digər xarici qüvvələrin regionda fəallaşmasına etiraz etdiklərini bildiriblər.

Buna baxmayaraq, İran rəsmiləri Ermənistanla münasibətləri qorumağa çalışır. Ermənistan tərəfi də Tehrana layihənin dostluq münasibətlərinə zərər vurmayacağına dair təminatlar verib. İran prezidenti Məsud Pezeşkian isə son açıqlamasında bu təminatları qənaətbəxş saydıqlarını bildirib.

Analitiklər qeyd edirlər ki, İran hazırkı mərhələdə Rusiyaya daha çox güvənməyə çalışır. Lakin Moskvanın Ukrayna müharibəsinə cəlb olunması və Qərblə gərgin münasibətləri bu dəstəyin məhdudiyyətlərini göstərir.

Yeni marşrut Cənubi Qafqazda güc balansını dəyişməklə yanaşı, Azərbaycanın regional nəqliyyat mərkəzinə çevrilməsi yolunda mühüm addım kimi dəyərləndirilir.

visiontv.az