Ötən həftə İranda mövcud hakimiyyətin və onun rəhbərinin ünvanına vaxtaşırı kəskin tənqidlər səsləndirən Ayətullah Məhəmməd Cavad Mühəqqiq Yəzdi barəsində ruhanilər üçün xüsusi məhkəmədə aparılan araşdırma başa çatıb və o, çıxarılan hökmün icra olunmasından ötrü həbsxanaya çağırılıb.
Məşhur mərcəi-təqlid Mirzə Cavad Təbrizinin tələbələrindən olan və Qumda müdərris, tədqiqatçı və vaiz kimi fəaliyyət göstərən Ayətullah Yəzdi bu barədə özü məlumat verib. O, aprelin 9-da şəxsi “Teleqram” kanalında izləyicilərinə müraciətlə yazıb: “Möminlərin dönə-dönə verdikləri sualın cavabında bildirirəm: bir neçə gün əvvəl Qum Xüsusi Məhkəməsinin 5-ci şöbəsindən mənimlə əlaqə saxlayıb bildirdilər ki, sizin mühakimə edilməyinizlə bağlı ilkin hökmlər olduğu kimi təsdiqlənib və qətiləşib, işi hökmlərin icrasına yönəldəcəyik, onlar da sizinlə əlaqə saxlayacaqlar. Bu gün həmin nömrədən mənə zəng vurub dedilər ki, hökmləri icra edirik, sabah saat 9-da burada olun. Ona görə həbs cəzasını çəkmək üçün əziz izləyicilərin xidmətindən mürəxxəs oluram və hamını Allaha tapşırıram. Məlumat üçün mənə verilən ittihamları və çıxarılan hökmləri qeyd edirəm: İsraili dəstəkləmək ittihamı ilə 4 il həbs; mövcud quruluş əleyhinə təbliğat ittihamı ilə 1 il həbs; cənablar Xomeyni və Xameneyini təhqir etmək ittihamı ilə 2 il həbs. Eyni zamanda məni ruhani libası geymək hüququndan həmişəlik məhrum ediblər”. Buradan aydın olur ki, məşhur ruhani ümumilikdə 7 il həbs cəzasına məhkum edilib.
visiontv.az