Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan dəhliz kimi görür
24.11.2026

Avropa ölkələri Cənubi Qafqazda nəqliyyat və enerji əlaqələrini genişləndirməyə çalışır. bne IntelliNews nəşrində Clare Nuttallın dərc olunan təhlilində bildirilir ki, Almaniyanın Azərbaycan və Ermənistanla artan təmasları regionun Avropa ilə Mərkəzi Asiyanı birləşdirən dəhliz kimi əhəmiyyətinin yüksəldiyini göstərir.

Məqaləyə görə, Almaniyanın xarici işlər naziri Johann Wadephul noyabrın 17–18-də Bakı və İrəvana səfər edərək tərəfləri Vaşinqtonda ilkin razılaşdırılmış sülh sazişini imzalamağa çağırıb. Bakı ilə Berlin iqtisadi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib, İrəvanla görüşlərdə isə bərpaolunan enerji və Avropa İttifaqı ilə ticarət məsələləri müzakirə olunub.

Təhlildə ABŞ-ın Ermənistanın cənubundan keçərək Azərbaycanı Naxçıvanla birləşdirməsi nəzərdə tutulan TRIPP layihəsində aparıcı mövqedə olduğu vurğulanır. Müəllifin yazdığına görə, layihəni inkişaf etdirəcək şirkətdə ABŞ-ın 75 faizlik paya sahib olması gözlənilir. Ermənistan ərazisində tikintinin 2027-ci ildə başlanması planlaşdırılır.

Avropa İttifaqı isə regiondakı nəqliyyat, enerji və rəqəmsal bağlantılar üçün 200 milyon avroyadək qrant ayırmağı və bunun 2 milyard avroyadək investisiyanı cəlb etməsini hədəfləyir. Bununla belə, məqalədə Brüsselin region üzrə strategiyasının parçalı olduğu və Aİ-nin siyasi təsir imkanlarının məhdud qaldığı qeyd olunur.

Enerji sahəsində Azərbaycan Avropa üçün mühüm tərəfdaşdır, ancaq Aİ-yə qaz ixracının 2027-ci ilədək ildə 20 milyard kubmetrə çatdırılması hədəfi hələ uzaq görünür. Məqalə əlavə hasilatın, boru kəmərlərinin genişləndirilməsinin və uzunmüddətli alqı-satqı müqavilələrinin vacibliyinə diqqət çəkir. Gürcüstanla Aİ arasında münasibətlərin pisləşməsi də regionun əsas tranzit yolları üçün əlavə çətinlik yaradır.

Nuttallın təhlilinin əsas nəticəsi budur: Avropanın Cənubi Qafqazdakı mövqeyi sülh sazişinin imzalanmasından və nəqliyyat layihələrinin real tikintiyə çevrilməsindən asılı olacaq. Məqalədə Orta Dəhlizin iqtisadi səmərəliliyi ilə bağlı qeyri-müəyyənliklərə və əlavə investisiya ehtiyacına da diqqət çəkilir.

Elbəyi Həsənli

visiontv.az