Adıgözəl Məmmədov: “Tədqiqatlarımı oğurlayıb, pul qazanan, elmi dərəcə alanlar var” – FOTO
24.04.2024

Albert Eynşteyn vurğulayır: “Xalis haldakı informasiya bilik deyil. Biliyin əsl qaynağı təcrübədi”. Beş ildir ki, görkəmli hərbi, siyasi və dövlət xadimi, 20 il Azərbaycana rəhbərlik etmiş Mir Cəfər Bağırova dair tədqiqatlar aparıram. Bu müddət ərzində onunla bağlı həqiqətlərdən agah olmaqla yanaşı, fırıldaqçı tədqiqatçıları, tarixçiləri də tanımış oldum. Bu fəaliyyətim zamanı Əli Dəstinin “Mir Cəfər Bağırovun erməni mafiyasıyla mübarizəsi”, Xaliq Əhmədzadənin (Xaliq Bəşər) “Diktatorların bilinməyən sirləri” və digər bu kimi yazarların əsərlərinə rast gəldim. Adıçəkilən müəlliflərin kitablarına göz gəzdirdikdən sonra bu şəxslərin plagiatçılıq, piratçılıqla məşğuliyyətindən də agah oldum. Belə ki, hər iki “tədqiqatçı” araşdırmaçı, yazıçı Adıgözəl Məmmədovun kitablarındakı materialları mənimsəyib özününkü kimi təqdim ediblər. Sonralar saytlarda da bu cür fırıldaqçılıqla məşğul olan “müəllif”lərə rast gəldim. Məsələ ilə bağlı tədqiqatçı-alim Adıgözəl Məmmədovla görüşüb ətraflı söhbət etdik.

 

visiontv.az azeripress.az-a istinadla müsahibəni təqdim edir:

– Adıgözəl müəllim, hazırda yaradıcılıq mətbəxinizdə vəziyyət necədir?

– Yaradıcılığımda vəziyyət məhsuldar olaraq davam edir. Fevralda rus dilində “Psixogeopolitika” kitabım işıq üzü gördü və Moskvada təqdimatı oldu. Psixogeopolitika elmdə yeni bir xətdir.  Qərbi Kaspi  Universitetində psixogeopolitaka ilə yanaşı, mental portretologiya və xalqların xarakterindən mühazirələr oxuyuram. Bu sahədə tədqiqatlarım davam etməkdədir. Bundan başqa, “Böyük Azərbaycan naminə. Bağır Seyidzadə” kitabım  türk dilinə tərcümə olunaraq Türkiyədə də işıq üzü gördü. Əsərimi türk dilinə tərcümə edən ADA Universitetində çalışan, son dərəcə savadlı mütəxəssis Azad Ağaoğludur.

– Kitabınızın Moskvada təqdimatının keçirildiyini vurğuladınız. Əsərinizə ciddi maraq varmı?

– Bəli, olduqca böyük maraq var,  təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, “Psixogeopolitika” əsərim Dumadakı fraksiya rəhbərlərinin çoxunun stolüstü kitabına çevrilib.

– Rusiya erməni lobbisinin güclü olduğu dövlətlərdən biridir. Bədnam qonşularımız sizə və yaradıcılığınıza qarşı hər hansı maneələrə əl atıblarmı?

– Son kitabımın təqdimatı zamanı yox, amma illər əvvəl mənə çox maneələr, təzyiqlər olub.

– Sirr deyilsə, bəlkə bəzilərini dilə gətirəsiniz? Oxucularımız da bundan agah olarlar…

– Əlbəttə ki, sirr deyil (gülür). Təzyiqlər və maneələr küləyi çox olub. O, barədə danışsaq gərək günlərlə, həftələrlə söhbət edək. Amma birini diqqətinizə çatdırım. Həqiqətən də erməni lobbisi şimal qonşumuzda gecə-gündüz fəaliyyətdədir. Əsas da Rusiyanın cənub vilayətlərində və şəhərlərində onlar çox aktivdirlər. Bu hayların ən böyük təbliğatlarından biri də Qaregin Njdenin tanıdılmasıdır. Qatı faşist olan və III Reyxlə əməkdaşlıq edən  Nijdeyə sovet dönəmində münasibət mənfi idi. Amma indi ermənilər onu müsbət tarixi şəxsiyyət kimi təbliğ edir. Nə qədər acı olsa da, qismən bu istəklərinə nail olublar. Məhz 2013-cü ildə rusiyalı aktyorların da yer aldığı “Qaregin Njde” adlı bədii film çəkildi. Faşist erməni ilə bağlı saysız yazılar Rusiya mətbuatında yer aldı. Mən də öz növbəmdə Qaregin Njdenin həm xalqımıza və Türkiyə əhalisinə qarşı fəaliyyətini, həm də Sovet Rusiyasında qanlı əməllərini ifşa etməyə başladım. 2014-cü ildə Rusiyada növbəti elmi konfransların birinə dəvət olunmuşdum. Orada həm rus dilində “Slavyano-Türksiye Yedineniye: Noviye konturı” kitabımın təqdimatı oldu, həm də çıxış etdim. Tədqiqat əsərimdə Türk tarixindən, slavyan-türk əlaqələri, Rusiyada yaşayan türklər və ermənilərin tarixi falsifikasiyları, o cümlədən Nijdenin qanlı əməllərindən geniş söhbət açdım. Təqdimat mərasimindən reportajlar  Rusiya telekanallarında, o cümlədən “MİR”də də yayımlandı.  Bu zaman erməni lobbisi mənə qarşı əllərindən gələn bütün qarayaxma kampaniyalarını işə saldılar.  Hətta separatçı Fəxrəddin Abboszadə də barəmdə həqiqətə uyğun olmayan məqalə yazmaqla nüfuzuma zərbə vurmağa, məni  Rusiya ziyalılarının gözündən salmağa çalışdı. Sonra bəlli oldu ki, Azərbaycanın çörəyini yeyib, suyunu içən nankor və satqının havadarları da erməni lobbisidir. Bu cür güclü antireklam kampaniyası zamanı rusiyalı yoldaşlar təhlükəsizliyim naminə dərhal Moskvanı tərk etməyimi xahiş etdilər. Mən məcbur olub Bakıya qayıtdım. Amma Moskvadakı mənimlə yaxın münasibətləri olan ziyalı, ictimai xadimlərə qarşı təzyiq, mənəvi repressiyalar davam etdirildi. Onlar arasında Rusiya Strateji Araşdırmalar İnstitutunun Qafqaz Mərkəzinin rəhbəri Yevgeni Baxrevski, Moskva Dövlət Universitetinin (MDU) yüksək vəzifə sahiblərindən olan iqtisadiyyat üzrə elmlər doktoru Zeydulla Yuzbekov və sair yoldaşlar da vardı. Zeydulla Yuzbekov universitetdəki vəzifəsindən azad edildi. Amma bir müddət sonra Dağıstan Respublikasında Dövlət Əmlak Nazirliyinin rəhbərliyinə gətirildi. Bütün bunlara rəğmən, mübarizəmi davam etdirdim və sonrakı illərdə də Rusiyaya səfərlərimdə Nijde ilə bağlı çıxışlarımı davam etdirdim.  Rusiya Dövlət Dumasında yer alan siyasi partiyalar arasında ikinci böyük fraksiya olan “Həqiqət naminə ədalətli Rusiya Partiyası”nın rəhbəri Sergey Mixayiloviç Mironov da bu sahədə mənə çox köməklik etdi. Məhz 2020-ci ildə rus dilində işıq üzü görən “Millətçiliyin reinkarnasiyası və psixoloji portretlər” kitabımda da erməni faşizmini, o cümlədən Nijdenin hərbi cinayətlərini vurğuladım. Məhz bu tədqiqat əsərim və rusiyalı ictimai, siyasi simaların dəstəyi nəticəsində daşnak faşisti haqqında çəkilən bədii filmin təbliğinin və nümayişinin qarşısını aldıq.

– Ötən əsr ərzində Nəriman Nərimanov, Mir Cəfər Bağırovun ünvanına həqiqəti əks etdirməyən fikirlər, böhtanlar, hətta qeyri-etik ifadələr səsləndirilib. Bəs XXI əsrdə necə, bu şəxsiyyətlərə münasibət dəyişibmi?

– Öncəliklə onu deyim ki, çoxları məni Bağırovşünas hesab edir, hərçənd mənim tədqiqat sahəm çoxşaxəlidir. Yeri gələndə Nərimanov, Qəzzafi, Hitler, Stalin, Trotski və digər tarixi şəxslər haqqında da yazmışam. Hətta Nərimanovun psixoloji portretindən dərs də deyirəm. Dahi maarifçi, ictimai, siyasi fikir adamımız barəsində ən çox oxunan yazılarımdan biri də “Nərimanov faciəsi və ya geosiyasi reallıqlar” məqaləmdi. Bundan başqa, “Siyasi liderlərin psixoloji portretləri”, “Səudilər Sülaləsi – Geosiyasət” (rus dilində), “Müəmmər Qəzzafinin psixoloji portreti”, “Osmanlının çöküşünə Rusiyadan baxış”, “Kreml rəhbərlərinin psixoloji portretləri”, “Rusiya lideri Vladimir Putinin psixoloji portreti”, “M.C.Bağırov-L.P.Beriya məxfi protokollar”, “Müasir Rusiya, Türkiyə və Gürcüstan liderlərinin siyasi-psixoloji portretləri”, “Slav-Türk-Ari arealının geostrateji imperativləri”, “Şirvanşahlar Azərbaycan dövlətçiliyinin gen yaddaşıdır”, eləcə də adlarını çəkmədiyim digər kitabların müəllifiyəm. Hətta dahi Azərbaycan mütəfəkkiri Mirzə Kazım bəyin ciddi tərcümə əsəri olan “Babül əl-Əbvab”ı ilk dəfə ana dilimizdə “Şirvanşahlar Azərbaycan dövlətçiliyinin gen yaddaşıdır” kitabımda vermişəm. Mirzə Kazım bəy bu əsərinə görə Çar Rusiyasında “Demidov mükafatı”, İngiltərədə isə “Viktoriya mükafatına” layiq görülüb. Təvazökarlıqdan uzaq olmasın və uzunçuluq hesab olunmasın, ABŞ Konqres Kitabxanasında Beriya və Bağırovla bağlı  kitabım yer alır. Hətta bu əsərim amerikalı sovetoloqların böyük diqqət və marağını özünə cəlb etdiyindən Konqres Kitabxanasının direktoru mənə təşəkkür məktubu da göndərib. Həmçinin Kembric Universitetinin alimi Con Endryu Marrou ilə birgə “Islam and people of the book critical. Studies on the Covenants of The Prophet” kitabının Azərbaycan versiyasını hazırlamışıq. Əsər Böyük Britaniyada ciddi tədqiqat əsəri hesab olunur.  Bundan başqa Steynford, Miçiqan, İlinoys, Braun və digər universitetlərin kitabxanlarında tədqiqat əsərlərim yer alır. Hətta bilib təəccüblənmişdim ki, “Beriya – Bağırovun qanadı altındakı türk agenti” kitabım rus dilində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda əlavə tədris vəsaiti kimi istifadə olunur və diplomatlar bundan geniş yararlanırlar. Bağırova gəlincə, gözümü açıb bu şəxsiyyətə daha çox mənfi tərəfdən yanaşmanı görürdüm. Məhz bu cür yanaşma onun haqqında oxumaq, həqiqətlərdən agah olmağım üçün stimul verdi. Bu işdə mənə ilk dəstəyi verən mərhum tədqiqaatçılardan Teyyub Qurban, Fazil Məmmədov olub. Sonralar tarixçi-alim Eldar İsmayılovun tədqiqatlarından da agah oldum. Gəncliyim daha çox Bağırovla bağlı həqiqətlərin axtarışında keçirdi. Uzun illər mütaliə, araşdırmalardan sonra Bağırov, Beriya, Hitler, Stalin, Trotskinin yer aldığı “Siyasi liderlərin psixoloji portretləri” kitabım nəşr olundu. Amma tədqiqat əsərimdə Bağırova daha çox yer vermişdim. Sonralar öyrəndim ki, xanım rejissor Mehriban Ələkbərzadə 20 il respublikaya rəhbərlik etmiş tarixi şəxsiyyətimizlə bağlı sənədli film çəkir. Onunla görüşüb kitabımın bir nüsxəsini verdim və Bağırovla bağlı əlavə fikirlərimi çatdırdım. Təəssüf ki, Mehriban xanım kitabımdan bəhrələnib, oradakı materialları “Qırmızı Terror və ya Mir Cəfər Bağırov” filmində istifadə etsə də, adımı çəkmədi. İstənilən halda sağolsun (gülür). İstənilən tarixi şəxsiyyətə münasibət birmənalı deyil və bu təbiidir. Odur ki, bütün tarixi simalara tarixi həqiqətlər, arxiv sənədləri və həmin dövrün reallıqlarından qiymət vermək lazımdır. Eləcə də Bağırova da yuxarıda qeyd etdiyim prizmadan yanaşılmalıdır. Kiminsə subyektiv baxışı, emosional hisləri, qərəzi onsuz da heç bir tarixi fiqurun fəaliyyətinə xələl gətirə bilməz. Sadəcə müəyyən zaman kəsiyində  aldatmaq olar. Amma gec-tez bütün sirlər açılır. Ümumi götürəndə son 20-25 ildə Bağırova münasibət dəyişməkdədir. Hətta vaxtilə Bağırov haqqında qarayaxma kampaniyası aparan şəxslər belə, artıq məcbur olub, onun Azərbaycan dövlətçiliyi üçün xidmətlərini etiraf etmək məcburiyyətində qalırlar.

– Bağırovla bağlı həqiqətlərin üzə çıxması və ona münasibətin dəyişməsində sizin müstəsna xidmətiniz olduğunu düşünənlər çoxdur…

– Xeyir, mən belə deməzdim. Bu yolda məndən çox əziyyət çəkən azman tədqiqatçılarımız olub. Teyyub Qurbanın, Ramiz Əhmədovun, Fazil Məmmədovun əziyyətlərini vurğulamaq lazımdır. Tarixçi Eldar İsmayılov tək Azərbaycanın yox, həm də Rusiyanın arxivlərinə əsasən Bağırova dair gerçəkləri ortaya qoyub. Heyf ki, onların heç biri artıq həyatda yoxdur. Onlar Azərbaycanın  tayı-bərabəri olmayan əsl alimlərindən idilər. Sadəcə mənim “ANS” efirində yayımlanan “Şəxsiyyət Vəsiqəsi” verilişində Bağırovla bağlı faktları deməyimdən sonra insanlarda ona bir qədər də maraq artdı. Həmçinin kitablarıma da müraciət bundan sonra çoxaldı.

– Adıgözəl müəllim, son vaxtlar bir qrup psevdotədqiqatçılar sizin Bağırovla bağlı tədqiqatlarınızı özününküləşdirməklə məşğuldurlar…

– Bu hal illərdi davam etməkdir. Əvvəlcə abır-həya edib onlarla bağlı ölçü götürmədim. Həmçinin düşünürdüm ki, istinad verməsələr də, ən azı həqiqət təbliğ edilir. Onsuz da əsas müəllif hüququ məndədir. Amma sonra gördüm ki, bu cür istinadsızlıq daha böyük fəsadlara gətirib çıxarır. Tədqiqatlarımı istinadsız paylaşanları 2 qrupa ayırardım. Birinci qrupdakılar əsərlərimi paylaşmaqla özünə cəmiyyətdə, sosial şəbəkələrdə və bəzi saytlarda nüfuz qazanmaq istəyənlərdir. Bunlara fikir fırıldaqçıları deyərdim. Onlar sadəcə ucuz şöhrətlə məşğuldurlar və mənə ciddi problem yarada bilməzlər. Digər qrup isə daha təhlükəli ünsürlərdir. Bunlar düşünülmüş şəkildə tədqiqatlarımı oğurlayıb öz adlarına çıxararaq gördüyüm işləri kölgə altına salırlar. Hətta Bağırovla bağlı “ANS”in efirindəki “Şəxsiyyət Vəsiqəsi”ndəki çıxışımı sonradan bir nəfər götürüb yazıya çevirib öz adına çıxaranda dəhşətə gəldim. Əslində tək Bağırovla bağlı yox, digər kitablarımı da oğurlayıb mənimsəməklə məşğul olanlar var. Məsələn, “Kreml rəhbərlərinin psixoloji portretləri” kitabındakı materialları oğurlayıb “Mentalitet” adında kitab buraxıblar. Eləcə də Xaliq Əhmədzadə adlı dələduz, fırıldaqçının biri “Siyasi liderlərin psixoloji portretləri” kitabımı oğurlayıb öz adına çıxarmışdı. Adam 232 səfilik “kitab”ının hamısını nöqtə-vergülə kimi tədqiqat əsərimdən kopyalamışdı. Adını da qoyub “Diktatorların bilinməyən sirləri”. Onunla bir xeyli münaqişə yaşadıq. Sonra mən qalib gəldim. Əsas mənə Azərbaycan Milli Kitabxanasının rəhbərliyi yardımçı oldu. Belə ki, kitabxanaya sorğu göndərildi və məlum oldu ki, mənim kitabım yuxarıda qeyd etdiyim  psevdotədqiqatçının “kitab”ında illər öncə qələmə alınıb. Onun “yazdıqlarının” hamısının mənim kitabımdan oğurlandığı bəlli oldu. Həmçinin  başqa  bir “yazar” Sərdar Amin də durub kulis.az saytında Bağırovla bağlı yazılarımı mənimsəyib və “Bağırova Güney Azərbaycanı azad etməyə nə mane oldu? – Müstəqillik ssenarisi, Pişəvərinin səhvi və Qəvvam amili” adlı “məqalə” dərc etdirib. Yaxud Əli Dəsti Nüsrət oğlu konkret mənim kitabımdan kopyalayıb satışa kitab çıxarmışdı. Belə saxtakarlar çoxdur. Onların bir-bir adını çəkmək istəmirəm. Mir Cəfər Bağırov və Cənubi Azərbaycanla bağlı tədqiqatlarımı bir təbrizli soydaşımız da öz adına çıxıb. Belə ki, illər öncə Arazın o tayında bir nəfər gəlib məni tapdı və israrla dedi ki, Mir Cəfər Bağırov və onun Cənubi Azərbaycan davasına dair əsərlərimi fars dilinə tərcümə etmək istəyirlər. Hətta elektron kitablarımı da hardansa əldə etmişdilər. Mənə də tez-tez müraciət edib, bir çox elmi-siyasi terminlərin mənalarını soruşurdular. Sonradan bu dələduz da itdi. Bu barədə sorub-soruşdurdum, dedilər ki, İran koperayt sisteminə daxil deyil və kitablarını öz adlarına çıxarıb saxtakarlıq edə bilərlər. Amma ən böyük bəla odur ki, Azərbaycan hüdudlarından kənarda da bu cür oğurluq, fırıldaqçılıq halları var. Kitablarımı oğurlayıb, başqa adla nəşr edib, elmi dərəcə alanlar var. Bu yaxınlarda əsərlərimi mütaliə edən dəyərli jurnalist tanışım Türkiyədə daha bir azərbaycanlı fırıldaqçı “alim”in əsərlərimi öz adına çıxması ilə bağlı mənə material göndərdi. Sən demə 2009-cu ildə Vüqar Akifoğlu adlı saxtakar Marmara Universitetinin Türkiyə Araşdırmalar İnstitutunda mənim Bağırovla bağlı tədqiqat əsərlərimi oğurlayıb öz adına çıxıb. Bu fırıldaqçının kitabının adı belədir “Stalin dönemi Sovetler Birliyinin Azerbaycan Politikasında Mir Cafer Bagirovun Rolü”. Bu psevdo əsərin “pdf” verisyasını əldə etdim. 132 səhifəlik yazıda mənə istinad vermədən bütün yazdıqlarımı götürüb kopyalayıb. “Baş tutmayan çevriliş” kitabımın sərlövhəsi ilə bu fırıldaqçının “monoqrafiyası” başlayır. Mövzunun başlıqları da eynən mənim kitabımdakının təkrarıdır. Bəzi yerlərdə də izi itirmək üçün istinad kimi Əlisa Nicatın “Mələklər və iblislər” və tanımadığım Elçin Həsənovun “Bağırnamə” adlı kitablarını göstərib. Əlisa müəllim dəyərli ziyalılarımızdandır. Amma o heç vaxt Bağırovla bağlı ciddi tədqiqat əsəri yazmayıb. Kitablarının da mütləq əksəriyyəti bədii məzmundadır. Qocaman yazıçı Bağırovla bağlı “Sarsılmaz Mir Cəfər” adlı povest və tarixi şəxsiyyətlərlə bağlı bədii təxəyyül və mistik janrda “Ruhların söhbəti” əsərini yazıb. Ümumiyyətlə Əlisa Nicat roman müəllifi kimi tanınır. Digər müəllifin isə adına heç vaxt, heç bir yerdə rast gəlməmişəm. “Bağırnamə” adlı cib kitabçasını əldə etdikdən sonra aydın oldu ki, müəllifin yazdığı subyektiv lətifəbazlıq və uydurmalardan başqa bir şey deyil. Zatən o “əsər” də bəddii təxəyyüldən ibarətdir. Vaxtilə Bağırovla bağlı tədqiqatlar apararkən onun bacısı Seyid Səkinənin xatirələrini kitabımda yazmışdım. Mərhum ağbirçək deyərdi ki, bizim nəslimiz Yəməndən gəlmə Zeyditlər tayfasındandır. Rəhbərin bacısının söylədiklərini kitablarımda versəm də bunların arxiv sənədlərinə söykənmədiyini qeyd etmişəm. Saxtakar Vüqar Akifoğlu isə götürüb bunu da  “əsər”ində yazıb və mənbə kimi Azərbaycan Siyasi Partiya Arxivinin fondunu göstərib. Həmçinin mənim min bir əziyyətlə arxivdən götürdüyüm şəkilləri də guya özünün əldə etdiyini vurğulayıb. Onu da xüsusi qeyd edim ki, vaxtilə mənim çalışdığım arxiv materialları hazırda qapalıdır. Odur ki, nə Vüqar Akifoğlu, nə də başqa birisi oraya daxil ola və tədqiqatlar apara bilməzlər.  Ən böyük faciədə odur ki, Marmara Universitetinin Nesrin Karagür, Okan Yeşilot, Ali Karaca adlı dosentlər bu plagiata rəy yazıb, elmi əsər kimi təsdiq ediblər. Üstəgəl fırıldaqçı Vüqar Akifoğlu saxtakarlıqla ərsəyə gətirdiyi “elmi əsərini” satmaqla məşğuldur. Mənə maraqlıdır ki, Türkiyə kimi təhsildə inkişaf etmiş bir dövlətdə bu özbaşınalıq necə baş verib? Bu ölkənin Yüksək Okul Kurumu (YOK) kimi ciddi təşkilatı hara baxır?