Birləşmiş Ştatlara gedən turistlər son beş ildə sosial mediadakı fəaliyyətlərini açıqlamalı olacaqlar. Bu, Donald Tramp administrasiyasının yeni planında nəzərdə tutulub.
Yeni qaydalar ABŞ-yə vizasız girişinə icazə verilən 42 ölkənin vətəndaşlarına aiddir. Siyahıda ABŞ-nin müttəfiqləri Böyük Britaniya, Fransa, Avstraliya, Almaniya və Yaponiya da var.
ABŞ Gömrük və Sərhəd Mühafizəsi Agentliyi (CBP) dekabrın 9-da bildirib ki, son beş ildə istifadə edilən telefon nömrələri, son 10 ilin elektron poçt ünvanları, həmçinin üz, barmaq izi, DNT və iris biometrik məlumatları istəniləcək. Uşaqlar da daxil olmaqla ailə üzvlərinin adları, ünvanları, doğum tarixləri və doğum yerləri də tələb olunur.
"The Guardian" yazır ki, bu plan gələn il Futbol üzrə Dünya Kuboku ilə bağlı səyahətləri çətinləşdirə bilər. ABŞ oyunlara Kanada və Meksika ilə birgə ev sahibliyi edəcək. FIFA stadionlara 5 milyon azarkeşin gələcəyini bildirib. Milyonlarla digər ziyarətçi də gözlənilir.
Trampın ikinci prezidentlik dövründə ABŞ-yə turist sayının xeyli azaldığı bildirilir. Bu arada immiqrantlara qarşı sərt tədbirlərə əl atılıb, bütün sığınacaq müraciətlərinə baxılması, azı 30 ölkədən miqrasiya tamamilə dayandırılıb.
Kaliforniya turizm orqanları bu il ştata xarici ziyarətlərdə 9 faiz azalma olacağını proqnozlaşdırır.
Kanada statistika idarəsi bu ilin iyulunda ABŞ-yə avtomobillə səyahətlərin 36.9 faiz azaldığını bildirib.
ABŞ-də xarici turizmi sıxışdıran digər addımlar da atılıb. Məsələn, milli parklara adi giriş haqqından əlavə turistbaşına gündəlik 100 dollarlıq rüsum qoyulub.
visiontv.az