Gürcü nazir: Azərbaycanla münasibətlərimiz əməkdaşlıq və qarşılıqlı hörmətə əsaslanıb
13.12.2025

“Gürcüstanla Azərbaycan arasında dostluq münasibətləri əməkdaşlıq və qarşılıqlı hörmətə əsaslanıb. Azərbaycanın hər bir dövlət qurumu ilə əlaqələrimiz nümunəvidir”.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili deyib.

Nazir bildirib ki, Azərbaycan nəqliyyat, energetika və bütün digər sektorlarda Gürcüstanın tərəfdaşıdır.

“Bir çox sahələr üzrə əməkdaşlıq etdiyimiz üçün azərbaycanlı həmkarlarımızla gündəlik olaraq əlaqə saxlayırıq. Orta Dəhliz layihəsi çərçivəsindəki əməkdaşlığımızı xüsusi olaraq vurğulamaq istərdim. Bu layihənin ən əsas nəqliyyat marşrutuna çevrilməsi üçün Gürcüstan, Azərbaycan və Qazaxıstan qarşılıqlı razılaşdırılmış plan və qrafik üzrə səylə işləyir”, - Kvrivişvili əlavə edib.

O, elektrik enerjisi idxalı sahəsində Azərbaycanın Gürcüstanın vacib tərəfdaşı olduğunu da qeyd edib:

“Digər tərəfdən biz qaz idxalı sahəsində də əməkdaşlıq edirik və 2027-ci il üçün danışıqlarımız aparılır. İşlərimiz plan üzrə gedir və mən əminəm ki, bu danışıqlar müsbət nəticələnəcək”.

Kvrivişvili həmçinin Bakı-Tbilisi-Qars layihəsinin tezliklə açılacağını vurğulayıb:

“Çox tezliklə bütün region - Azərbaycan, Türkiyə və Gürcüstan tarixi Bakı-Tbilisi-Qars layihəsinin açılışını qeyd edəcək. Bu layihə həm Gürcüstan, həm də bölgə üçün çox mühüm rol oynayacaq”.