Zəngəzur dəhlizi Azərbaycanla Ermənistana aid məsələdir, İran bununla bağlı niyə fikir bildirməlidir?
Zəngəzur dəhlizi Azərbaycanla Ermənistana aid  məsələdir, İran bununla bağlı niyə fikir bildirməlidir?
31.07.2024 Sahib Alıyev Tərəfindən

İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə törəninin keçirildiyi gün onun "Tehran Times" nəşrində haqqında bəhs etdiyi qonşularla normal əlaqə, qarşılıqlı faydaya dayanan əməkdaşlıq və sair məsələlərin arzu olaraq qalacağı üzə çıxdı. İranın Ali dini liderinin Ermənistan baş naziri ilə görüşdə Zəngəzur dəhlizi haqda dedikləri məhz bunun təsdiqidir.

Regiondakı reallıqdan az-çox xəbərdar olan hər kəs gözəl bilir ki, Zəngəzur dəhlizinin işə düşməsi Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasına xidmət etməklə yanaşı digər qonşu dövlətlərə də fayda gətirəsidir. Seyid Əli Xamenei isə açıq şəkildə Paşinyana bildirir ki, "Zəngəzur dəhlizi ideyası Ermənistanın maraqlarına cavab vermir”.

Həm də o, digərləri “qonşu dövlətlər arasında əlaqələrə qarışmamalıdırlar” fikrindən sonra bunu deyir. Bəs onda nədən İran özü belə bir müdaxiləyə yol verir? Zəngəzur dəhlizi ilk növbədə iki qonşu ölkəyə- Azərbaycanla Ermənistana aid məsələdir, İran bununla bağlı niyə fikir bildirməlidir? Sovetlər dönəmində sözü gedən dəhliz işləyirdi, bundan Ermənistana zərər dəyirdi?

İranın Ali dini liderinin Ermənistanın baş naziri ilə görüşündə dindən də danışıldığı və bu zaman Fransanın pislənildiyi qeyd edilsə də, orada Qriqorian kilsəsi haqda nəsə deyilib-deyilmədiyi açıqlanmır. Xatırladım ki, rəsmi İrəvanla eçmədzindəkilər arasında kəskin qarşıdurma var və bu tehrandakıların heç də xoşuna gəlmir. İranın Ermənistandakı səfiri ilə məsləkdaş və sıx ünsiyyətdə olan, bizim region üzrə mütəxəssis sayılan fars eksperti keşiş Baqratın aksiyalarının qızğın çağlarında yazırdı ki, onların Qafqazda güvənə biləcəkləri “iki güç” var, biri Qriqorian kilsəsi, digəri isə “Hüseyniyyun”dur.

Fransa din məsələsində pislənsə də, o ölkənin rəhbərliyinin bizim regiona yanaşmada yeritdiyi siyasət inanmıram ki, tehrandakıları çox da narazı salsın. Hardasa yarım ay bundan öncə İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin “Azadlıq” radiosuna verdiyi intervüdə Qarabağdakı hayların öz xoşlarına oranı tərk etmədikləri, ona görə də geri qaytarılmalı olduqlarından dəm vurulurdu. İndi də Fransanın səfiri həmən mahnını oxuyur və bununla da bir zaman söylədiyi fikirlərin, yəni rəsmi Parislə Tehranın Qafqazda eyni siyasət yeritdiklərinin doğruluğunu ortaya qoyur.

Vaxtınızı çox almamaq üçün, sualım var, onu da verim, bu yazını bitirim: “Zəngəzur dəhlizi ideyası Ermənistanın maraqlarına cavab vermir” deməklə rəsmi Tehranın da onun işə düşməsini istəmədiyini sərgiləyən Xamenei görəsən Qərbi Azərbaycandan olan dindaşlarının öz yurd yerlərinə dönmələri haqda nə düşünür? Bunu Qriqorian kilsəsi üçün təhlükə və “qırmızı xətt” saymır ki? Ritorik sual oldu, deyilmi?

Millət vəkili Sahib Alıyev

visiontv.az