Xələc türkcəsi milli irs siyahısına salınıb
19.03.2024

İranın Mərkəzi Əyaləti Mədəni İrs, Turizm və Əl Sənayesi baş idarəsi İranda “Xələc Türkcəsi” dilinin milli irs siyahısına salındığını bildirib.

İdarənin milli irs işləri üzrə müavini Hüseyn Mahmudi bu barədə məlumat verib: “Xələc türkcəsi türk dilləri ailəsinə mənsub ən qədim dildir. Hal-hazırda İranın mərkəzi bölgəsində bu dildə danışanlar vardır”.

Mahmudi bu dildə danışılan bölgələr barədə məlumat verib: “Xələc türkcəsi Farahan rayonu Təlxab (Acısu) şəhəri, Aştian, Təfriş və Ərak rayonlarının bir sıra kəndlərində danışılır.

Lakin bu dildə danışanların sayı az olduğundan kəskin məhv olma təhlükəsi ilə üzləşib”.

O, Xələc türkcəsinin qorunması üçün yolları vurğulayıb: “atalar sözləri, yerli şerlər və tapmacalardan ibarət Xələc dili şifahi ədəbiyyatının milli qeydiyyata alınmasına, bu mədəni irsin qorunmasına yardımçı ola bilər”

Hüseyn Mahmudi sözlərinin sonunda “Hər bir yurdun dilləri və ləhcələri hiss olunmayan mədəni irslərinin böyük bir hissəsini təşkil etdiyini” deyərək Xələc türkcəsinin  milli irslər siyahısına salınması səbəbini açıqlayıb.

visiontv.az