Urmu gölünün son durumu açıqlandı
06.01.2025

Urmu gölünün ekoloji vəziyyəti ilə bağlı yayılan son məlumatda göldə suyun səviyyəsinin normal ekoloji vəziyyəti ilə müqayisədə acınacaqlı durumda olduğu bildirilib.

Bu barədə yanvarın 2-də Qərbi Azərbaycan əyalətinin Yerli Su Şirkəti məlumat yayıb.

Məlumata görə, göldə ekoloji problem davam edir və son mövsimi yağışlara baxmayaraq, hazırda Urmu gölündə olan su həcmi 1 milyard 240 milyon kubmetrdir.

Bununla yanaşı göldə suyun səviyyəsinin 1270,13, gölün sahəsinin isə 930 kvadrat kilometr olduğu bildirilib.

Qeyd edək ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

visiontv.az