Türkiyə terroru beşiyində gömərsə, Türk dünyasına qarşı bir çox xain planların da üzərindən xətt çəkilmiş olacaq
Türkiyə terroru beşiyində gömərsə, Türk dünyasına qarşı bir çox xain planların da üzərindən xətt çəkilmiş olacaq
09.01.2025 Bəybala Mirzəyev Tərəfindən

Rəsmi Ankara terrorun kökünü kəsmək üçün tam gücüylə hərəkətə keçib. Və bunun üçün iki istiqamətdə - həm lokal antiterror əməliyyatlarını davam etdirməklə, həm də siyasi çözüm yoluyla ("demokratik açılım") intensiv iş aparılır.

MHP lideri Dövlət Bağçalının PKK-nın həbsdə olan lideri Abdullah Ocalanın silahı yerə qoymaq çağırışı və əfvi üzərindən terrora dinc yolla son qoyulması ilə bağlı məlum təklifi artıq real prosesə çevrilməkdədir. Ocalanla İmralıda görüşən nümayəndə heyəti son günlər TBMM-də (Türkiyə parlamentində) təmsil olunan partiya rəhbərləri ilə görüşlər keçirir.

Bu isə təbii ki, həm Türkiyədə, həm də Azərbaycanda birmənalı qarşılanmır. Bəziləri 30 min türkün qanını tökən bir terrorçubaşı ilə danışığa getməyi AKP və MHP-nin təmsil olunduğu hakim "Cumhur İttifaqı"nın türk millətinə və dövlətinə xəyanəti kimi qiymətləndirir, digərləri isə bunun terrorun tam yoxa çıxarılması üçün ortaya qoyulmuş yeni siyasi kurs, ardıcıl və prinsipial bir xətt olduğunu düşünür.

Göründüyü kimi fikirlər və mövqelər ciddi şəkildə haçalanır.

Hazırda Türkiyədə siyasi polemikaların və qarşılıqlı ittihamların hərarəti gün-gündən artmaqdadır. Çünki Ərdoğan-Bağçalı yönətimi doğrudan da olduqca riskli bir prosesə rəvac verib. Ona görə ki, terrorun siyasi çözüm yoluyla aradan qaldırılması sürəci gözləntiləri doğrultmaya da bilər.

Lakin bütün mümkün risklərə və təhdidlərə rəğmən, Türkiyə dövləti PKK-nın və onun törəmələrinin (YPG, PYD) kökünü qazımağa, onları tam olaraq sıradan çıxarmağa qərar verib.

Ümid edək ki, nəticələr qardaş Türkiyə üçün gerçəkdən də xeyirli-uğurlu olacaq.

Türkiyə terroru beşiyində gömərsə, Türk dünyasına qarşı bir çox xain planların da üzərindən xətt çəkilmiş olacaq.

Bəybala Mirzəyev

visiontv.az