Trampın dünyaya elan etdiyi ticarət müharibəsi və gömrük rüsumları ilə bağlı demək olar ki, hər gün yeni xəbərlər oxuyuruq. Ümumiyyətlə, bu məsələ artıq uzun müddətdir ki, dünyanın gündəmindən düşmür. Amma düşünürəm ki, Trampın tətbiq etdiyi “gömrük rüsumları”n mahiyyətini çox sadə dillə izah etməyə ehtiyac var.
Təsəvvür edin ki, siz böyük bir bankda işləyən dəyərli əməkdaşsınız. Aylıq gəliriniz 10.000 manatdır. Çox işgüzarsınız, gündə azı 10 saat işləyirsiniz. İşdən evə qayıdanda isə gücünüz heç nəyə çatmır.
Şəhər kənarında gözəl bağ eviniz var, maşınınız var və sizi hər gün işə, uşaqları məktəbə, həyat yoldaşınızı müxtəlif yerlərə aparıb gətirən bir sürücünüz var. Ona ayda 1.000 manat maaş verirsiniz.
Bir gün sürücünü çağırıb deyirsiniz:
- Qardaş, baxıram ki, aramızda maddi disbalans yaranıb. Mən sənə ayda 1000 manat verirəm, amma sən bu pulu mənə heç bir formada qaytarmırsan. Heç nəyimi almırsan.
Sürücü isə cavab verir:
- Müəllim, siz bank işçisisiniz, mən isə sadə sürücüyəm. Bankın xidmətlərinə ehtiyacım yoxdur, sizdən nə ala bilərəm axı?
Bu cavab sizi qəzəbləndirir və deyirsiniz:
- O zaman sənə qarşı ticarət müharibəsi elan edirəm! Bu gündən etibarən xidmətlərinə ehtiyacım yoxdur. Maşını özüm sürəcəyəm. Çıx get!
Bağ evinizin yaxınlığında bir meyvə-tərəvəz dükanı var. Hər gün ordan bazarlıq edirsiniz.
Bir gün satıcıya yaxınlaşıb deyirsiniz:
- Mən hər gün sənə pul verirəm, səndən məhsul alıram, amma sən heç vaxt məndən bir şey almırsan!
Satıcı təəccüblə cavab verir:
- Müəllim, siz bank işçisisiniz, mən isə adi satıcıyam. Mən sizdən nə ala bilərəm axı?
Siz yenə qəzəblənirsiniz:
- O halda, aramızda maddi balans olmadığı üçün bu gündən meyvə-tərəvəzlərimi yalnız öz bağımda yetişdirəcəyəm!
Və... nəticədə siz “qələbə” qazanırsınız! Maddi disbalans olan hər kəslə yollarınızı ayırırsınız. Artıq hər şey öz əlinizdədir. Uşaqları məktəbə özünüz aparırsınız, bağda meyvə-tərəvəzi özünüz yetişdirirsiniz.
Amma kiçik bir məsələ var. Bütün bu işlər həm vaxt, həm də enerji tələb edir. Artıq əvvəlki kimi bankda səmərəli işləyə bilmirsiniz. Vaxt çatmır, güc qalmır.
Günün birində bank müdiri sizi yanına çağırır və deyir:
- Əzizim, sən artıq əvvəlki kimi məhsuldar işləyə bilmirsən. Biz isə sənə ayda 10000 manat maaş veririk. Aramızda maddi disbalans yaranıb. Üzr istəyirəm, amma artıq sənə ehtiyacımız yoxdur...
Beləcə, siz evə dönürsünüz. Uşaqları məktəbdən götürür, bağda çalışırsınız. Bir neçə gündən sonra isə düşünməyə başlayırsınız: benzini hansı pulla alacağam? Və nəhayət anlayırsınız ki, nəyisə düzgün etməmisiniz...
Trampın gömrük rüsumları siyasətinin mahiyyəti də təxminən budur.
Kamran Cəfərov
visiontv.az