Təbrizdə azərbaycanlı bəhailər həbs edildi
19.09.2024

İranın təhlükəsizlik məmurları Təbriz şəhərində yaşayan bəhai dininə mənsub olan bir neçə nəfərin evinə hücum edərək onlardan üçünü həbs edib.

Bu barədə yerli mənbələr məlumat yayıb.

Bildirilib ki, Əzəm Azmudə, Sina Əqdəs və İrəc Norəstə adlı azərbaycanlılar həbs olunaraq naməlum yerə aparılıblar.

Onların həbs səbəbi barədə açıqlama verilməyib.

Bununla yanaşı daha iki təbrizli bəhainin də evinə basqın edildiyi, ancaq onların evdə olmadıqlarına görə saxlanıla bilmədikləri bildirilib.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran konstitusiyası bəhai dinini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai dininə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

visiontv.az