Tanrı folklorik anlayışdır: Müsəlman əmindir ki, onun beynində onun yerinə düşünən bir allah var
15.10.2024

Folklor hazır cavablar dünyasıdır. Hətta erotik məqamlarda belə hazır formullar verir: igid üç öpüb, bir dişləməli, bacı da qayıdıb deməldir ki, ağzın şirin olsun. Hazır cavablar dünyasında düşünmək zəhmətin bir növü hesab olunmur. Çünki dediyin heç bir fikrin müəllifi sən deyilsən. Dediyin hər şey sənə qədər deyiləndir.

Tanrı folklorik anlayışdır. Bütün fikir və düşüncələr ondan qaynaqlanır. Müsəlman əmindir ki, onun beynində onun yerinə düşünən bir allah var. Hər şeyi düşünən və qərarları verən odur. Müsəlman onun danışan ağzı, görən gözü, eşidən qulağıdır.

Düşüncə allahın əməyidir! İnsanın onu patentləşdirməsi günahdır. Müsəlman Şərqinin bu gün də patent hüququna biganə yanaşmasının səbəbi bu folklorik inancdır.

Bu inanc düşüncəni insan əməyinin bir növü kimi görmədiyindən müsəlmanlar zehni əməyi dəyərləndirə bilmirlər.

Azərbaycanda düşüncə sahiblərinə ictimai nökər kimi baxılmasının səbəbi də budur. Folklorik kafalı azərbaycanlıya görə fikir adamları heç bir iş görməyən, beyinlərində oturub onların yerinə düşünən allahın sözlərini insanlarla paylaşan bikar adamlardır.

Şəxsən məni efirlərə nökər kimi dəvət edirlər. Dur gəl, bu mövzuda danış, on dəqiqə sonra verilişimiz başlayır, gecikmə. Amma nökər kimi yola salmırlar. Nökər işi bitirdikdə zəhməthaqqı alır.

Çoxları elə bilir ki, mən bayatı ilə boğuşuram. A toba, mənim bayatıyla, holavarla, cığalı təcnislə işim yoxdur.

Mən içində yandığımız, övladlarımız üçün sönməyə qoymadığımız cəhənnəmlə əlbəyaxayam!

Aqşin Yenisey

visiontv.az