İranın "Tasnim" xəbər ajansı yazır: "Ermənistan-Azərbaycan sülh müqaviləsi Qarabağ münaqişəsinin rəsmi şəkildə sona çatması üçün həyati əhəmiyyətli zərurətdir. Bu sənəd xarici aktorların fərqli maraqlarına baxmayaraq, təhlükəsizliyin, iqtisadi inkişafın, Qafqazın sabitliyinin və iki ölkənin beynəlxalq imicinin yaxşılaşdırılmasının açarı hesab olunur.
1988-ci ildə başlayan qarşıdurmalar 1994-cü ildə kövrək atəşkəslə başa çatdı, lakin Azərbaycan üçün nəticə təkcə Qarabağın deyil, həm də yeddi ətraf rayonu daxil olmaqla beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizinin itirilməsi oldu.
Hərbi üstünlüyə nail olan erməni tərəfi qanunsuz status-kvonu saxlamağa cəhd göstərdi. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupu bu illər ərzində effektiv vasitəçilik institutundan daha çox “protokol teatrı”na çevrildi.
Bu dövrdə Azərbaycan ordusunu yenidən qurdu, iqtisadiyyatını gücləndirdi, silahlı qüvvələrini modernləşdirdi və nəhayət, 2020-ci ildə 44 günlük müharibə ilə beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytardı.
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərini davam etdirməklə yanaşı, bu gün daha böyük və daha dərin bir problemlə üz-üzədir: hüquqi, diplomatik və institusional baxımdan bu münaqişənin həmişəlik sona çatdırılması.
Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət, o cümlədən Avropa İttifaqı, ABŞ, Çin, hətta Rusiya tərəfindən tanındığı halda, onu beynəlxalq hüquq səviyyəsində yekunlaşdırmaq üçün heç bir hüquqi sənəd, yəni sülh müqaviləsi yoxdur. Belə olan halda mübahisə formal olaraq açıq qalır.
Sülh müqaviləsi olmadan Azərbaycan və Ermənistan bir çox strateji layihələrini tam şəkildə həyata keçirə bilməyəcəklər.
Belə bir kontekstdə sülh müqaviləsi təkcə ideoloji və ya diplomatik sənəd deyil, həm də aşağıdakı dörd sahədə həyati əhəmiyyət kəsb edən zərurətdir:
Təhlükəsizlik- Sülh müqaviləsi revizionist ritorikaya qarşı qoruyucu qalxan ola bilər.
İqtisadiyyat- Nəqliyyat şəbəkəsinin yaradılması, kənd təsərrüfatı, turizm, sənaye sahələrinin inkişafı, beynəlxalq investisiyaların cəlb edilməsi – bütün bunlar yalnız hüquqi və siyasi sabitlik şəraitində mümkündür. Heç bir investor gələcəyin qeyri-müəyyən olduğu, sabitliyin kövrək olduğu və atəşkəs rejiminin pozulması riskinin yüksək olduğu sahələrə investisiya qoymağa razı deyil.
Regional sabitlik- Cənubi Qafqazın Avropa ilə Mərkəzi Asiya arasında körpü olmaq potensialı realdır. Amma bu potensial o zaman reallaşa bilər ki, regionda davamlı sülh və inteqrasiya hakimdir.
Beynəlxalq reputasiya- Sülh müqaviləsi Azərbaycanın və Ermənistanın diplomatik uğur hekayəsində dönüş nöqtəsi ola bilər.
Dünyada münaqişələrin, müharibələrin, böhranların artdığı bir vaxtda Azərbaycan və Ermənistanın uğurlu sülh modeli, nadir və qiymətli təcrübə təklif edə bilər".
visiontv.az