Amerika Birləşmiş Ştatlarının Yaponiyadakı səfiri Ram Emanuel “The Wall Street Journal” jurnalında dərc olunan məqaləsində yazıb ki, prezident Co Bayden və onun administrasiyası Hind-Sakit okean regionunda çoxtərəflilik əsasında təhlükəsizlik tərəfdaşlıqlarını genişləndirməli və Çinə qarşı yeni iqtisadi tədbirlər həyata keçirməlidir. Səfir Asiya qitəsində müdafiə koalisiyasına ehtiyac olduğunu belə əsaslandırıb:
“NATO-nun 5-ci maddəsinin Asiyadakı tərəfdaş dövlətlərlə reallaşdırılmasına ehtiyac var, bir ölkəyə hücum, hamıya hücum anlamı daşımalı və bu halda kollektiv müdafiə mexanizmi işləməlidir”. Amerikalı diplomatın fikrincə, Vaşinqton bölgədə strateji şəbəkəni genişləndirməlidir. Səfir anlamamış deyil ki, kreslosunu boşaltmağa hazırlaşan Co Bayden Asiya qitəsində yeni təşəbbüslə çıxış etməyəcək. Səfir məqaləsində Bayden administrasiyasına müraciət etsə də, təklifini ölkəsinin gələcək prezidentinə ünvanlayıb.
Maraqlıdır ki, ABŞ səfirinin məqaləsi Yaponiyanın yeni baş naziri Şiqeru İsibanın Asiyada NATO-ya bənzər kollektiv müdafiə arxitekturası yaratmaq ideyasının manşetlərə çevrildiyi vaxta təsadüf edib. Halbuki, Vaşinqton Asiyada NATO-ya bənzər qurumun formalaşdırlmasının erkən olduğu düşüncəsindədir. Çinə qarşı sərt mövqeyi ilə tanınan səfir 2009-2010-cu illərdə keçmiş prezident Barak Obamanın aparat rəhbəri olub və vitse-prezident Kamala Harrisin noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə ona Ağ Evdə vəzifə veriləcəyi proqnozları geniş yayılıb.
ABŞ səfirinin məqaləsi Vaşinqtonda və Tokioda geniş müzakirə olunarkən, Çinin ən yeni nüvə enerjili sualtı qayığının batması da bu iki paytaxtda müzakirə predmetidir. Çin Hind-Sakit Okean hövzəsi boyunca nəhəng donanma formalaşdırmaqdadır. Ona görə son hadisə Pekinin okeanlarla bağlı hədəfinə ciddi zərbə vurub. “Associated Press” agentliyinin və “Wall Street Journal” nəşrinin xəbərlərinə görə, bu həftənin əvvəlində peyk görüntüləri sualtı qayığın hələ tikilməkdə olan estakadanın yanında batdığını ortaya qoyub. Pekin sualtı gəminin batması faktını etiraf etməyib. ABŞ rəsmiləri faktı təsdiqləsələr də, batan sualtı qayığın nüvə yanacağı daşıyıb-daşımadığının aydın olmadığını qeyd ediblər. Sualtı gəminin batması Çinin bu sahədə üzləşdiyi texnoloji çətinliklərlə əlaqələndirilib. Son hadisə Çinin Hind-Sakit Okean bölgəsində ABŞ-la rəqabət apara biləcək donanmanın formalaşdırılması prosesini ləngiə bilər. Halbuki, Çin lideri Si Cinpin ABŞ-ın bu bölgədə hökmranlığına son qoymaq üçün həbi-dəniz qüvvələri qarşısında tapşırıq qoymuşdu. Nüvə enerjisi ilə işləyən sualtı qayıqlar Çinin dəniz ambisiyalarının əsasını təşkil edir. Bu ambisiyalar ABŞ-la yanaşı bölgə ölkələri olan Yaponiya, Hindistan və Avstraliya kimi regional gücləri də narahat edir.
“Atlas” Araşdırmalar Mərkəzi
visiontv.az