Ruslar hansı günlərinə sevinirlər?
28.03.2024

Planetlərarası uçuşlar üçün quraşdırılmış və aerokosmonavtika tarixinin ən nəhəng əsəri olacaq Straship kosmik gəmisi bir neçə gün əvvəl özünün 3-cü və ən uğurlu uçuşunu həyata keçirdi.

Starship ilk dəfə idi ki, planlaşdırılmış uçuşunu tamamlaya bilib.

Əvvəlki iki sınaq buraxılışı gəminin startdan qısa müddət sonra partlaması ilə başa çatmışdı.

2023-ün noyabr ayındakı son uçuşunda isə reaktiv daşıyıcı gəmidən ayrıldıqdan sonra partladı.

SpaceX şirkətinin bütün təşəbbüslərində nəsə kiçik bir problem yaransa hadisə Rusiya mediasının manşetində yer alır.

Ruslar toy-bayram edirlər. Çünki İlon Mask və onun SpaceX adlı imperiyası bütün rus kosmonavtikasını “böyrü üstə” qoyub. Və onların ən kiçik bir uğursuzluğu rusları çox mutlu edir…

"İlon Maskın SpaceX şirkətinin əmək məhsuldarlığı Roskosmosunu 82 dəfə üstələyir", – bunu mən demirəm, Rusiyanın Kosmik Siyasət İnstitutunun rəhbəri İvan Moiseyev deyir. O, qeyd edib ki, raketlərin buraxılışında şirkətlər arasında fərq 3 dəfədir ( SpaceX – 61, Rusiya – 21), eyni zamanda, SpaceX-də çalışanların sayı 12 min, Rusiya dövlət korporasiyasında isə 181 min nəfərdən çoxdur [https://news-ru.site/analitika/].

Diqqət edin, burada müqayisə ABŞ ilə Rusiya arasında deyil, bir özəl şirkətlə dövlət arasındadır. Yəni bir özəl təşəbbüs kosmos derjavası olan Rusiyanı silib kənara atıb.

Poblemlər yumağında çırpınan Rusiya nə ABŞ, nə də Qərb və Çin texnoloji korporasiyaları ilə rəqabət apara bilmir. Doğrudur, bu, qlobal bir prosesdir – bütün dünyada dövlət öz yerini böyük biznesə verir və təsir gücünü itirir. Amma güc yolu ilə iqtisadiyyatları nəzarətdə saxlamağa çalışır. Dövlətlər sanksiyalar tətbiq edir, rəqəmsal “qalxan” yaradır, müharibə aparır. Görünür, son illərdəki konfliktlərin əsas səbəblərindən biri də siyasi elitanın qlobal biznesin təzyiqi altında hakimiyyətini saxlamaq cəhdidir…

İnsanoğlunu başqa planetlərə daşıyacaq dev mühəndislik xariqəsi nədir?

Bu kosmik gəmi 120 metr uzunluğunda, 5 min ton ağırlığındadır.

“Starship" 70 m yüksəkliyindəki Super Heavy (birinci pillə) və kosmik gəmidən (ikinci pillə) ibarətdir. Raket Yerin cazibə qüvvəsindən tonlarla maye oksigen və maye metan yandıran 33 Raptor mühərriki ilə hərəkətə keçir.Starship-in birinci pilləsi Yerətrafı orbitə 150 ton yüklə qalxır, daha sonra təkrar istifadə üçün geri qayıdır.

Kosmik gəmi orbitdə yanacaq dolduraraq ekipajla birlikdə Aya və Marsa uçuşlar perspektivi ilə hazırlanıb. Lakin, irimiqyaslı missiyalara əlavə olaraq Starship daha asan missiyalar üçün də uyğundur – Beynəlxalq Kosmik Stansiyaya təchizat çatdırmaq, orbitə peyklər çıxarmaq və ya imkanlı insanları Yer kürəsinin bir nöqtəsindən digərinə bir saata çatdırmaq…

İbrahim Nəbioğlu

visiontv.az