Respublikaçılar və Demokratlar seçki saxtakarlığı iddialarının qarşısını almağa çalışır
16.10.2024

ABŞ-ın keçmiş prezidenti Donald Tramp və onun tərəfdarlarının çoxu heç bir sübut olmadan 2020-ci il seçkilərinin saxtalaşdırıldığını iddia edir və eyni şeyin 2024-cü ildə də baş verə biləcəyi barədə xəbərdarlıq edirlər. Seçkinin nəticələrinə təsir göstərəcək mühüm bir neçə ştatdan biri olan Miçiqanda Demokrat və Respublikaçı seçki rəsmiləri bu iddiaları mübahisələndirir və amerikalıları səsvermənin dürüstlüyünə inandırmağa çalışırlar. Amerikanın Səsinin Ağ Ev müxbiri Patsi Vidakusvara Miçiqan ştatından məlumat verir.

2020-ci ildə seçki günü Miçiqan ştatının Detroyt şəhərində belə bir mənzərə var idi.

Donald Trampın seçki saxtakarlığı ilə bağlı əsassız iddialarından cəsarətlənən tərəfdarları rəsmilərə səslərin hesablanmasını dayandırmaq üçün təzyiq göstərirdi.

Miçiqanda Trampın bir çox tərəfdarı qarşıdan gələn seçkilərdə saxtakarlıqdan narahatdır.

Marvin Minton, Tramp tərəfdarı: “Hal-hazırda bizim hökumətlə bağlı hər şeyi sorğu-sual edəcəksiniz. Mən fərqli bir şey deyə bilmək istərdim, amma Amerikada belə bir hiss var. Biz heç kimə güvənmirik.”

Angelika Kandov, Trump tərəfdarı: “Bircə hal. Bircə hadisə bütün sistemi şübhə altına almağa kifayətdir”.

2020-ci il seçkilərində saxtakarlıqla bağlı iddialar ABŞ məhkəmələri tərəfindən dəfələrlə rədd edilib.

Lakin seçkilərin dürüstlüyü ilə bağlı dezinformasiya Respublikaçılar arasında geniş yayılıb. Sorğular göstərir ki, onlar hökumətin təsdiq etdiyi seçki nəticələrindən daha çox Trampa inanırlar.

Seçkinin nəticələrinə təsir göstərəcək mühüm ştatlarda rəsmilər seçiciləri seçki prosesinin dürüstlüyünə inandırmağa çalışır. Onlar dezinformasiyanın təhlükəli ola biləcəyini deyirlər.

Miçiqan seçki bürosunun direktoru Conatan Breyter: “Bəzi hallarda bu, insanların seçki rəsmilərini təhdid etməsi və ya daha da pis vəziyyətə səbəb ola bilər. Amma bu, heç bir fiziki zorakılığa gətirib çıxarmasa belə, uzunmüddətli perspektivdə seçki sisteminə inamı sarsıdır. Bu da respublikamız və demokratiyamız üçün pisdir”.

Bir çox ştatlarda Respublikaçılar seçkilərin etimad şəraitində keçməsi səylərini dəstəkləyirlər. Miçiqan ştatının Ottava dairəsindəki Respublikaçı seçki rəsmisi Castin Robak onlardan biridir. O bunun çətin mübarizə olduğunu deyir.

Miçiqanda Ottava seçki dairəsinin rəsmisi Castin Robak: “Bizim hər səviyyədə siyasi liderlərimiz həmçinin faktlar və məlumatlar axtarmalıdırlar. Düşünürəm ki, bu baş verənə qədər prosesə əminlik və inamla bağlı problemlərimiz olacaq”.

Miçiqan ştatında Tramp tərəfdarları artıq Demokrat dövlət katibi Coselin Bensonu qiyabi səsvermə bülletenlərinə baxılması qaydaları və seçicilərin qeydiyyat siyahısı ilə əlaqədar məhkəməyə veriblər.

Miçiqan Respublikaçılar Partiyasının sədri Pit Hekstra: “Əgər Coselin Benson qanunla tələb olunanı etmirsə, məhkəmənin onu buna məcbur etməsi üçün onu məhkəməyə verəcəyik”.

Benson bunu Respublikaçıların kampaniya strategiyası olaraq rədd edib.

Miçiqan ştatının dövlət katibi Coselin Benson: “Ümumilikdə biz hüquqi strategiya adı altında açılan məhkəmə işlərini görürük, halbuki bunlar əslində yanlış məlumat yaymaq, ya da seçkilərimizlə bağlı narrativə şübhə toxumu səpmək üçün PR strtaegiyasıdır.”

Respublikaçılar və Demokratlar bir neçə mühüm ştatda seçkilərlə bağlı məhkəmə iddiaları qaldırıblar ki, bu da noyabr seçkilərində xaosa səbəb ola bilər.

İki Partiyalı Siyasət Mərkəzinin elmi işçisi Kim Uayman: “Seçkilərə bu qədər yaxın hansısa hüquqi məsələ adətən vəkillərin bir ştatda qalib gələ bilməyəcəkləri və ya istədikləri nəticəni ala bilməyəcəkləri ehtimalı ilə işi saxlaması deməkdir və bu, onlara seçkidən sonra etiraz etmək imkanı verir”.

Trampı dəstəkləyən dairə rəsmilərinin seçkilərin təsdiq edilməsini gecikdirmək səyləri də daxil olmaqla, digər potensial problemlər də var.

visiontv.az