“Qırmızı toy”: İranın hərbi rəhbərliyinin məhv edilməsi əməliyyatı
20.06.2025

2024-cü ilin noyabr ayının sonunda İsrail Müdafiə Nazirliyi İran İslam Respublikasının nüvə proqramına ciddi zərər vurmaq məqsədilə genişmiqyaslı əməliyyat planını təşəbbüs etmişdi.

Bu barədə İsrailin “Walla” nəşri məlumat yayıb. Bildirilir ki, bu gizli əməliyyatın adı — “Qırmızı toy” — dünyaca məşhur “Taxt oyunları” serialından götürülüb. Təhlükəsizlik sistemindəki mənbələrin qeyd etdiyinə görə, söhbət fantastik səviyyədə görünən bir plandan gedirdi, lakin nəticədə 12 dəqiqə ərzində 10 yüksək rütbəli şəxsin dəqiq şəkildə aradan qaldırılması mümkün olub.

Nəşrin hərbi müxbirinin sözlərinə görə, əməliyyat planı cari ilin mart ayına qədər tam hazır vəziyyətə gətirilmişdi. Əsas məqsəd hədəflər arasındakı məsafələrin dəqiq şəkildə hesablanması və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi də daxil olmaqla komandanlıq üzvlərinin zərərsizləşdirilməsi idi.

Məqalədə yekun olaraq bildirilir: “Zaman keçdikcə bu əməliyyat, İran ictimai rəyində onilliklər boyu əks-səda doğuracaq dönüş nöqtəsi kimi qəbul oluna bilər”.

Elçin Alıoğlu

visiontv.az