Azərbaycanlılar pulunu harada saxlayır? - STATİSTİKA
17.12.2025

Əhalinin banklardakı əmanətlərinin həcmi son bir il ərzində 11,5 faiz və ya 1,64 milyard manat artaraq 15,91 milyard manata çatıb.

Media Təhlil Mərkəzindən (MTM) BAKU.WS-ə daxil olan məlumata görə, son beş ilin 1 noyabr tarixinə olan statistik göstəricilərinə əsasən, Azərbaycanda banklara yerləşdirilən əmanətlərin həcmində ardıcıl artım qeydə alınıb. Ümumilikdə, 2021–2025-ci illər dövründə əmanətlərin həcmi 7,02 milyard manat artıb.

2022-ci ildə əmanətlərin həcmi əvvəlki ilin 1 noyabr tarixi ilə müqayisədə 29,4 faiz və ya 2,61 milyard manat artaraq 11,5 milyard manat olub. Bu göstərici son beş ilin 1 noyabr tarixləri üzrə ən yüksək faiz artımı kimi qeydə alınıb.

2023-cü ilin 1 noyabr tarixinə banklara qoyulan əmanətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz və ya 1,06 milyard manat artaraq 12,56 milyard manata çatıb.

2024-cü ildə bu göstərici 13,5 faiz və ya 1,71 milyard manat artaraq 14,27 milyard manat olub. 2025-ci ilin 1 noyabr tarixinə isə əmanətlərin həcmi 11,5 faiz və ya 1,64 milyard manat artaraq 15,91 milyard manata yüksəlib.

Azərbaycanlılar pulunu harada saxlayır? - STATİSTİKA

2025-ci ilin 1 noyabr tarixinə ölkədə əhalinin banklara yerləşdirdiyi əmanətlərin milli valyuta ilə həcmi 10,94 milyard manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,4 faiz və ya 1,46 milyard manat artım deməkdir. Həmin tarixə əhalinin banklarda xarici valyuta ilə saxladığı əmanətlərin həcmi isə 4,96 milyard manat olub ki, bu da ötən illə müqayisədə 3,8 faiz və ya 0,18 milyard manat artım göstərib.

2021-ci ildə əhalinin banklarda yerləşdirdiyi əmanətlərin ümumi həcmi 8,89 milyard manat olub. Bunun 5,04 milyard manatı milli valyutada, 3,85 milyard manatı isə xarici valyutada saxlanılıb. 2022-ci ildə milli valyutada yerləşdirilən əmanətlərin həcmi 40 faiz və ya 2,02 milyard manat artaraq 7,06 milyard manata çatıb. Xarici valyutada saxlanılan əmanətlər üzrə isə 15,5 faiz və ya 0,6 milyard manat artım qeydə alınıb və göstərici 4,44 milyard manat olub.

2023-cü ildə milli valyuta ilə qoyulan əmanətlər üzrə artım davam edib və bu göstərici 15,3 faiz və ya 1,08 milyard manat yüksələrək 8,14 milyard manata bərabər olub. Həmin il xarici valyuta ilə yerləşdirilən əmanətlərdə isə azalma qeydə alınıb. Belə ki, 2022-ci illə müqayisədə xarici valyuta ilə qoyulan əmanətlərin həcmi 0,4 faiz azalaraq 4,42 milyard manata enib. Buna baxmayaraq, ümumi göstərici üzrə 2023-cü ildə əvvəlki illə müqayisədə 9,3 faiz artım qeydə alınıb və əmanətlərin ümumi həcmi 12,56 milyard manata çatıb.

Son beş ilin göstəricilərinə nəzər saldıqda, milli valyuta ilə qoyulan əmanətlərin həcminin 5,9 milyard manat artdığı müşahidə olunur. Xarici valyuta ilə yerləşdirilən əmanətlər üzrə artım isə 1,12 milyard manat təşkil edib.

Azərbaycanlılar pulunu harada saxlayır? - STATİSTİKA

2025-ci ilin 1 noyabr tarixinə olan statistikaya əsasən, əhalinin banklardakı ümumi əmanətlərinin 13,94 milyard manatı Bakı şəhərinin payına düşüb. Bu göstərici ölkə üzrə formalaşan 15,91 milyard manatlıq əmanətlərin 87,6 faizini təşkil edib. Qalan 1,97 milyard manatlıq əmanət isə respublikanın digər şəhər və rayonlarında yaşayan əhali tərəfindən banklarda yerləşdirilib.

Cari ilin 1 noyabr tarixinə Sumqayıt şəhərində əhalinin banklardakı əmanətlərinin həcmi 383,6 milyon manat olub ki, bu da Bakıdan sonra ikinci ən yüksək göstərici hesab edilib. Növbəti pillədə 235,8 milyon manatla Gəncə şəhəri qərarlaşıb. İlk üçlüyü isə 214,4 milyon manatlıq əmanət həcmi ilə Abşeron rayonu tamamlayıb.

Visiontv.az