Prezident İlham Əliyev: Biz “bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq
Prezident İlham Əliyev: Biz “bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq
04.03.2024 Sahib Alıyev Tərəfindən

Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziyasına verdiyi intervüyə baxıram. Suallardan görünür ki, “Euronews”un bəlkə də, öncədən belə bir intervü götürmək niyyəti olmayıb. Çox ehtimal ki, onun əməkdaşı Bakıya Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsində nazirlərin toplantılarından reportaj hazırlamaq üçün göndərilibmiş.

Xatırladaq ki, qazla olduğu qədər, yaşıl enerji ilə təminat da Avropa üçün son dərəcə aktualdır və hətta ikinciyə birincidən də çox önəm verilir. Əgər nəzərə alsaq ki, Avropa Birliyinin elektrik enerjisinə tələbatının 2040-cı ilə qədər təxminən 80 faizə qədər artacağı gözlənilir, onda Azərbaycanın o qurum üçün necə bir qiymətli tərəfdaş olduğunu təsəvvür etmək elə də çətin deyil. Yəni söhbət təkcə qaz yox, gələcəkdə həm də elektrik enerjisi üzrə Panavropa təchizatçısından gedir ki, bu termini də ilk dəfə Avropa Birliyinin energetika məsələləri üzrə komissarı xanım Kadri Simson işlədib.

Beləliklə, “Euronews” televiziyasının Bakıda keçirilən bu tədbirlərə marağının nədən qaynaqlandığı aydındır. Sözü gecən televiziyanın Azərbaycan Prezidentindən intervü almaq qərarı isə suallardakı ardıcıl istinadlardan da göründüyü kimi məhz cənab Əliyevin çıxışında səsləndirdiyi fikirlərdən sonra verilib. Dövlət başçımızın həmən çıxışda müxtəlif QHT və media qurumlarının “qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilməz” kimi məqsədli və ədalətsiz hüçümları haqda dedikləri o qədər əsaslandırılmışdı ki, bu, diqqət çəkməyə və rəğbət doğurmaya bilməzdi.

Mən ilk növbədə onun bu sözlərini nəzərdə tuturam: “Bəli, bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya bilərik. Bizim bütün ehtiyatlarımız təsdiq edilib və hər kəs bunu bilir. Lakin iqlim dəyişikliyi ilə bağlı bu qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir. Bizə buna görə hücum edilməməlidir, biz təqdir edilməliyik. Biz heç bir yanlış iş görməmişik”.

Cənab İlham Əliyevin “Euronews”a verdiyi intervüdə də vurğulandığı kimi əksinə, Azərbaycan neft-qaz satışından əldə olunan gəlirlərin bir hissəsini bərpaolunan enerjiyə sərmayə şəklində yatırtmaqla “anlayış yaratmaq istəyir”. Qazıntı yanacağı ilə zəngin digər ölkələrə göstərir ki, onlar da “yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır”.

Azərbaycan Prezidentinin verdiyi intervüdəki biz “bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardıq” sözləri də tam həqiqəti əks etdirir. Biz doğrudan da nəinki “neft lənətinə” düçar olmadıq, ondan əldə edilən gəlirlərdən qazıntı yanacağı ilə zəngin heç bir ölkə bizim qədər tarixə qızıl hərflərlə yazılacaq bir şəkildə faydalanmağı bacarmayıb. Azərbaycan böyük dövlətlərin qarşı çıxmalarına rəğmən işğal altındakı torpaqlarını ona görə azad edə bildi ki, kimsədən iqtisadi asılılığımız yox idi. Çünki məhz Ulu Öndərin işləyib reallaşdırdığı neft-qaz strategiyası bizim digərlərindən iqtisadi asılılığımızı aradan qaldırdı, ancaq öz milli maraqlarımızı əsas götürərək müstəqil siyasət yeridə bilməmizi təmin etdi. O səbəbdən də Prezidentimizə qoşularaq hər bir azərbaycanlı deyə bilər ki, zəngin neft və qaz ehtiyatlarımızın olması bizə “Allahdan bir hədiyyədir”.

“Euronews”a intervüsünün sonunda cənab Prezident qərbdəkiləri “bizə gördüyümüz işə, gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə” qiymət verməyə səslədi və “ümidvaram ki, mesajım eşidiləcək”,-dedi.

Avropa Birliyinin Fransa və bir çox başqa üzvləri bilmirəm bu mesajdan düzgün nəticə çıxaracaqlarmı? Amma məhz həmən Fransanın diqtəsi ilə Avropa Parlamentində makronabənzərlər fevralın 28-də uydurma ittihamlarla Azərbaycana qarşı növbəti sanksiya çağırışı edərkən Bakıda martın birində Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsində nazirlərin toplantılarının keçirilməsi, ora Avropa Birliyi ilə yanaşı 22 ölkənin, 6 beynəlxalq təşkilatın, 44 şirkətin yüksək vəzifəli təmsilçilərinin qatılmaları bizim “it hürər, karvan keçər” məsəlimizin necə yerində deyildiyini bir daha təsdiqlədi. Yeri gəlmişkən, məhz martın birində Avropa Birliyinin külək enerjisi şirkətləri ilə Anlaşma memorandumu imzalandı ki, bu da Azərbaycana qarşı sanksiya tələb edən həmən makronabənzərlərə vurulmuş nöbəti bir şapalaq, hələ bəlkə də, təpik idi.

Millət vəkili Sahib Alıyev

visiontv.az