Paşinyan Minsk Qrupunu dəfn etməyə hazırdır?
25.03.2025

Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqlar yekunlaşıb. Ancaq Azərbaycanın daha 2 tələbi vardı:

1. ATƏT-in nimdaş və qeyri-funksional Minsk Qrupunun ləğvi.

2. Azərbaycana (+Türkiyə) ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasını dəyişdirməlidir.

Nikol Paşinyan Minsk qrupunun ləğvi ilə bağlı məsələni Azərbaycanla müzakirə etməyə hazır olduğunu bildirib. Mənim baxışıma görə, Minsk Qrupu Ermənistan Konstitusiyasından daha önəmli məsələdir. Çünki Minsk qrupu ABŞ-Fransa-Rusiya üçlüyü deməkdir. Bu üçlükdən isə Azərbaycana xeyir gəlməz. Ona görə də Minsk Qrupunun ləğvini Azərbaycan üçün son dərəcə önəmli məsələ hesab edirəm.

Əlbəttə, könül istər ki, Ermənistan Konstitusiyası da biz deyən kimi şəkillənsin. Ancaq onu da unutmayaq ki, Ermənistan Konstitusiyası lokal xarakter daşıyır. Minsk Qrupu isə beynəlxalq əhəmiyyət kəsb edir.

Hə, biz deyə bilərik ki, Minsk Qrupu çoxdan ölüb, sür-sümüyü də torpağa qarışıb. Ancaq adı çəkilən ölkələrə lazım olsa, həmin ölünü xortdadıb ortaya qoyacaqlar. Azərbaycana beynəlxalq təzyiqlər başlayacaq. Belə bir perspektivi sıfırlamaq üçün Minsk Qrupu rəsmən ölməlidir...

Bəs, Minsk Qrupu məsələsi öz həllini tapdıqdan sonra Ermənistanla anlaşmaq olarmı? Məncə, olar. Ancaq Ermənistan Konstitusiyası məsələsini də gündəmdə saxlamaq lazımdır. Biz daha çox 1998-ci ildə qüvvəyə minən “The Good Friday Agreement”ə əsaslanmalıyıq. Söhbət ondan gedir ki, İrlandiya Respublikasının konstitusiyasında Böyük Britaniyanın tərkib hissəsi olan Şimali İrlandiya bu ölkənin ərazisi kimi qeyd olunmuşdu. Yəni virtual şəkildə İrlandiyanı birləşdirmişdilər. Təxminən ermənilər Dağlıq Qarabağı Ermənistana birləşdirdikləri kimi. Bu problemi həll etmək üçün 1998-ci ildə anlşma əldə olundu. Nəticədə qanlı-qadalı İrlandiya konflikti başa çatdı...

Bu, dünya tarixində konflikti həll etmək üçün konstitusiyanın məqsədli şəkildə dəyişdirilməsinin ən gözəl nümunəsidir. Biz bu nümunəni Ermənistanın və dünya ictimaiyyətinin diqqət mərkəzinə gətirməliyik. Bu elə bir nümunədir ki, Qərb bu məsələnin tarixini çox yaxşı bilir və bu anlaşmanı da həmişə təqdir edib. Ona görə də Qərbin ictimai rəyi bəri başdan bizim tərəfimizdə olacaq.

Mütafası o ki, Ermənistan da “The Good Friday Agreement”ə bənzər bir konstitusiya dəyişikliyinə rəsmən razılıq verməlidir. Daha sonra isə müqaviləni bağlamaq olar...

Bir şeyi də deyim. Sülh müqaviləsi bağlandıqdan sonra Türkiyə-Azərbaycan və Ermənistan arasındakı münasibətlər düşmənçilik müstəvisindən konstruktiv müstəviyə keçəcək. Onilliklərə söykənən gərginlik ortadan qalxdıqdan sonra isə digər məsələləri daha asanlıqla həll etmək üçün pozitiv mühit yaranacaq. Üstəlik, Nikol Paşinyanın Ermənistandakı reytinqi ciddi şəkildə yüksələcək. Bu da bizim maraqlarımıza uyğun olan bir gəlişmədir...

Elbəyi Həsənli

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8